Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Müstəqillik, suverenlik müdrik Azərbaycan xalqının milli sərvətidir!” mövzusunda tədbir keçirilib

27 may 2025 | 22:28

Mayın 27-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik Azərbaycan xalqının milli sərvətidir!” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, Ərazi partiya təşkilatının sədrləri, partiya veteranları, YAP sıralarına yeni qəbul olunmuş üzvlər, KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək iştirakçıları salamlayıb, 28 May - Müstəqillik Günü münasibətilə səmimi ürək sözlərini səsləndirib. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu qeyd edən natiq əvvəlki əlamətdar illərdə olduğu kimi, bu ilin də yüksək səviyyədə qeyd olunduğunu, ilə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edib. A.Nəbiyev tarixi sınaqlardan hər zaman alnıaçıq, üzüağ çıxmış Azərbaycan xalqının bu gün müstəqil, suveren ölkənin vətəndaşları olaraq qürurla yaşadıqlarını və qalib dövlətə sahib olduqlarını vurğulayıb. Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına xalqımızın milli sərvəti olan suverenliyimizin bərpa olunduğunu, bütün ərazilərdə Konstitusiya qurluşunun bərqərar olunduğunu diqqətə çatdırıb. A.Nəbiyev bu il xalq olaraq Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini, 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyini təntənə ilə qeyd edəcəyimizi söyləyib. Bu baxımdan 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasının mühüm əhəmiyyət daşıdığını söyləyib. A.Nəbiyev qeyd edib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb. O, vurğulayıb ki, İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Natiq 23 ay ərzində əldə olunmuş mühüm nailiyyətlərdən söz açaraq bildirib ki, 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi” dəyərli sözlərini diqqətə çatdıran A.Nəbiyev söyləyib ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Natiq çıxışnda qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. A.Nəbiyev vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi ki, bu, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 28 May - Müstəqillik Günü münasibətilə xalqımızı və tədbirə toplaşanları təbrik edib, xoş arzularını, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi kimi, “Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir. Müstəqillik heç kəsə, heç bir təşkilata mənsub deyildir. Müstəqillik xalqa mənsubdur. Bu, tarixin, taleyin xalqa bəxş etdiyi böyük bir nemətidir”. Rayon rəhbəri bildirib ki, xalqımızın müəyyən bir dövr tarixi və taleyi Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. O, həyatının bütün dövrlərində həmişə öz xalqı ilə birlikdə olmuş, onun bir millət və dövlət kimi inkişafı naminə həyatını belə əsirgəməmişdir. Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi, sonradan isə Prezident kimi 30 ildən çox respublikaya rəhbərlik etmiş, yeni, müstəqil Azərbaycanın qurucusu kimi tarixə daxil olmuşdur. Heydər Əliyev böyük siyasi lider, müdrik bir insan olaraq tarixi hadisələrin gedişatını əvvəlcədən müəyyən etməyin mahir bilicisi və böyük ustası idi. O, məhz bu nadir keyfiyyətləri ilə millət, tarix və dövlətçilik üçün böyük əhəmiyyət daşıyan qərarların qəbul edilməsində əsl vətəndaş, dahi rəhbər mövqeyi nümayiş etdirdi. Respublikanın ən ağır dövründə Prezident və Ümummilli Lider missiyasını bir daha zəfərlə yerinə yetirdi, ölkədə sabitliyi bərqərar etdi, yeni Konstitusiya yaratdı, bir çox xarici ölkələrlə vacib, taleyüklü sazişlər və müqavilələr bağladı, uşaqların, qocaların, qaçqın və köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəlmiş fərmanlar imzaladı. İndi inamla söyləmək olar ki, məhz Heydər Əliyev Azərbaycanı demokratiya və müstəqillik yoluna çıxartdı. Çox şübhəsiz ki, bu yol tarixdə yalnız onun adı ilə bağlı qalacaqdır. Heydər Əliyev işıqlı təfəkkür, çevik düşüncə, müdrik zəka sahibi idi. Heydər Əliyev bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmiş, öz şərəfli ömrünü doğma Azərbaycan xalqına həsr etmişdir. Bildiyimiz kimi 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, göründüyü kimi heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Qeyd etmək lazımdır ki, dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Həm Ayaz Mütəllibov iqtidarı, həm də AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yürüdülən yanlış siyasət nəticəsində iqtisadi böhranın dərinləşməsi, xalqın yaşayış səviyyəsinin son dərəcə pisləşməsi, ictimai-siyasi böhran, vətəndaş müharibəsi, ölkənin parçalanma təhlükəsiylə üz-üzə qalması ilə xarakterizə olunurdu. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Ulu Öndərin qeyri-adi idarəçilik bacarığı və qərarları ilə qısa müddətdə respublikamız sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi də yadaşlarda qalıb. Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” devizini rəhbər tutaraq idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına da xüsusi qayğı ilə yanaşmış, ilk növbədə xalqın intellektual gələcəyini düşünmüşdür. Bu sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab edən Ulu Öndər milli təhsil sisteminin inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, savadı ilə fərqlənən kadrların yetişdirilməsi Heydər Əliyevin fəaliyyətinin bütün dövründə əsas  vacib məsələlərdən biri olmuşdur. Nəzər salsaq görürük ki, təkcə 1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verilmiş, respublikada ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı. Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində respublikamızda ən çox ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin olundu. Əgər  1969-cu ildə SSRİ-nin qabaqcıl ali məktəblərinə cəmi 47 nəfər göndərilmişdisə, 1975-ci ildə onların sayı 700 nəfərə çatdı. 1975-ci ildən başlayaraq azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması intensiv xarakter aldı. Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşmış, onların problemlərini həll etməyə çalışmışdır. Dahi şəxsiyyət gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmiş və gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət etmişdir. Məhz gənclərimizin sağlam, əqidəli, vətənpərvər Azərbaycan vətəndaşı kimi yetişdirilməsində Ulu Öndərin əməyi və xidmətləri danılmazdır. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində ətraflı gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut etdi. Ümummilli Liderin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi dəyərli fikirlər bəhrəsini verərək xalqımızı, ordumuzu şanlı qələbəyə apardı. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnikaya və silahlara malik olan nizamlı ordusu vardır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın güclü ordusunun formalaşdırılması üçün zəmin yaratmışdır. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması, ordunun formalaşdırılması Ulu Öndərin gələcəyə hesablanmış uzaq görən siyasətinin tərkib hissəsi idi. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Belə ki, Ümummilli Liderin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılması, bu mənada mühüm əhəmiyyət daşımışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almışdır. Həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına xidmət etmişdir. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Sonralar Ulu Öndər bu məktəb barədə deyirdi ki, "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımları idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam". Bu gün Azərbaycan dünyada ən sürətli və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Prezidentin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb. Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş və etməkdədir. Bu iqtisadi inkişaf müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gündən günə artırır. Beynəlxalq aləmdə qüdrətli ölkə kimi tanınan Azərbaycanın əldə etdiyi hər bir uğur Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vətənini, xalqını canından artıq sevdiyini həyatı ilə sübut edən Ümummilli Liderin ideyaları Azərbaycanın davamlı uğurlarının, parlaq gələcəyinin əsasıdır. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Əminik ki, Heydər Əliyev yolu Azərbaycanı daha böyük uğurlara aparacaqdır. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik”.

Partiya veteranı Nəsibə Tağıyeva, Qazax Bələdiyyəsinin sədr müavini, partiya fəalı Vüsal İsmayılov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin III kurs tələbəsi Zümrüd Əliyeva, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Yalçın Həsənov çıxış edərək bildiriblər ki, əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində – 1918-ci il mayın 28-də Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən Azərbaycan Xalq Cümhuriyyətini qurduğunu bütün dünyaya bəyan etdi. Bu, çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olan xalqımızın həyatında yeni bir mərhələ, tarixi bir hadisə oldu. Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan xalqı öz suveren və güclü dövlətinə sahibdir. 2020-ci ildə tarixi Zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsi yalnız işğala son qoymadı, eyni zamanda regionda yeni geosiyasi reallıqlar yaratdı. Cəmi bir gün davam edən antiterror tədbirləri ilə ölkəmizdə separatizmin kökü kəsildi. Dövlət başçısının Sərəncamı ilə tariximizə növbəti əlamətdar gün yazıldı – 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü olaraq təsis edildi. Xalqımızın birliyi, qəhrəman Vətən övladlarının qanı bahasına əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir. İllər ötsə belə xalqımız bu şanlı zəfərləri, qələbələri hər zaman qürurla xatırlayacaqdır.   

Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə, suverenliyimizə, müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbirdə yubiley yaşı bu il tamam olan partiya veteranları və ərazi partiya təşkilatının sədrləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif edilərək qiymətli hədiyyələr təqdim olunub. Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.

Keçidlər