Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Müstəqilliyə və inkişafa gedən yolun başlanğıcı” adlı tədbir keçirilib

12 iyul 2024 | 17:49

İyulun 12-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə və inkişafa gedən yolun başlanğıcı” adlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul işçiləri, mədəniyyət, təhsil, səhiyyə üzrə müəssisə rəhbərləri və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin pedaqoji heyəti, KİV nümayəndələri, şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dahi şəxsiyyətin 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP) plenumunda Mərkəzi Komitənin katibi seçilərək Azərbaycana rəhbərliyə başladığı dövrü tarixi kadrlarla özündə əks etdirən “Tərəqqi yolunun başlanğıcı” adlı film nümayiş etdirilib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, bu gün Azərbaycanımızın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qalan, ölkəmizin mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında müstəsna rolu olmuş 14 iyul 1969-cu il xalqımızın böyük oğlu Heydər Əlirza oğlunun MK-nin katibi seçilərək Azərbaycana rəhbərliyə başlamasının 55-ci ili tamam olur. XX əsr Azərbaycan tarixinin önəmli və fövqəladə əhəmiyyətli günləri sırasında 14 iyul 1969-cu il ön sırada gəlir. Həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP) plenumunda  sovet Azərbaycanının rəhbərliyinə şəxsiyyəti və uğurları ilə düşmənlərini belə heyran qoyan Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Dahi rəhbərin cəmiyyətin bütün sahələrində böyük inkişafa yönəlik fəaliyyəti Azərbaycanı ittifaq məkanında yüksək zirvəyə çıxarmış oldu. O zamana qədər sovetlər birliyi üçün yalnız xammal bazasına çevrilən, milli-mənəvi dəyərləri aşınmaya məruz qalan Vətənimiz Ulu Öndərin fenomenal səyi nəticəsində inanılmaz yüksəlişə nail oldu. Heydər Əliyevin sovet dövründə gördüyü işlər milli təəssübkeşliklə yanaşı, gələcəkdə Azərbaycanın müstəqil dövlət kimi yaşamasına hazırlıq işləri idi və bu o zaman üçün böyük cəsarət tələb edirdi. Azərbaycandan sonra SSRİ rəhbərliyində təmsil olunan Heydər Əliyev ittifaq miqyasında gördüyü işlərlə də fövqəladə istedadını ortaya qoymuşdu. Həmin illərdə dahi rəhbərin adı və imzası Azərbaycan və sovet sərhədlərini aşmışdı. Ötən əsrin 70-ci illərində Azərbaycanın intibah dövrünü yaradan xalqımızın əziz övladı Heydər Əliyev əsrin sonunda dağılmaqda, parçalanmaqda olan müstəqil dövlətimizi qorumaqla və dünya birliyinə daxil etməklə tarixə əbədi liderlik möhürünü vurmuş oldu. Bu mənada böyük Heydər Əliyev lider kimi xalqımızın simvolu, hər birimizin sevgi ilə andığı əvəzolunmaz şəxsiyyət və eyni zamanda, ümumbəşəri dəyərdir. Milli qürurumuz olan Heydər Əliyevin məhz azərbaycanlı olması həm də xalqımızın çox şanslı olduğunun göstəricisidir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Geniş məruzə ilə çıxış edən G.Həsənova bildirib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün xüsusi yeri var. Bu dövr 1969-cu il 14 iyul tarixindən başlanır. Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi günüdür. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlamasından sonra ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlandı. Dahi şəxsiyyətin hakimiyyətə gəlməsi ilə milli düşüncənin oyanışı, illər sonra qurulacaq müstəqil Azərbaycanın potensial bazasının yaranmasının əsası qoyulmuşdur. Azərbaycan xalqının XX əsrdəki milli qurtuluşu 1969-cu il iyulun 14-dən başlanır. 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Ulu Öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. 1970-1982-ci illərdə Azərbaycandakı fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki illərdə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ən diqqətçəkən məqamlardan biri də respublikamızda milli kadrların yetişdirilməsi ilə bağlı atdığı böyük addımlar idi. Dahi şəxsiyyətin Azərbaycanda savadlılığın artırılması yolunda gördüyü böyük işlərin nəticəsi idi ki, əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Müavin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan dövlətinin bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uğurlu siyasəti sayəsində yeni nailiyyətlərə, qələbələrə imza atdığını qeyd edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır. Bu gün Azərbaycan tam müstəqil, suveren, ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi bütün dünyada söz sahibinə çevrilib.

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. M.Yusifov ötən əsrin 70-ci illərində Azərbaycanın intibah dövrünün banisi olan Heydər Əliyevin müstəqil dövlətimizin inkişafı, tərəqqisi üçün misilsiz xidmətlərindən danışıb. Bildirib ki, olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən dahi insan bir çox siyasi xadimin edə bilmədiyini və edə biləcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə əsrlərin tanınmış siyasi xadimləri sırasında öz layiqli yerini tutmuşdur. Nadir dövlət xadimi olan Heydər Əliyev həyatı boyu hər zaman xalqını və Vətənini düşünmüş, ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.

Təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova dahi şəxsiyyətlə dəfələrlə görüşdüyünü qeyd edərək həmin tarixi görüşlərin xatirələrini bölüşüb. Ulu Öndərlə istər Bakıda qurultaylarda, istərsə də Qazaxa səfərləri zamanı görüşlərində onun necə böyük fenomenal şəxsiyyət olduğunun şahidi olduğunu vurğulayıb. Bütün görüşlərində Ulu Öndərin Azərbaycanın milli-mənəvi dəyərlərinə xüsusi önəm verdiyini, Qazaxa, qazaxlı ziyalılara xüsusi diqqətlə yanaşdığını, hər dəfə ayrı bir şövqlə Qazax ziyalıları ilə xatirə şəkilləri çəkdirdiyini, ürək sözlərini bölüşdüyünü bildirib.

Təqaüddə olan dövlət qulluqçusu Çingiz Pənahov çıxış edərək söyləyib ki, Azərbaycan dövlətinin başçısı, Azərbaycan respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri vardır. Ulu Öndərin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta, bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyil. Müasir Azərbaycanda dövlət quruculuğunun iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son 30 ildən artıq dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin adı, əməli, fəaliyyəti ilə bağlıdır. O, zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun müəyyən etdiyi azərbaycançılıq fəlsəfəsi müasir dünyada ölkəmizin xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil etmişdir.

Şairə Gülsənəm Cəlilli çıxış edərək Ulu Öndərə həsr etdiyi şeirlərini səsləndirib.

Sonda Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Süməyya Xəlilli, Fidan Alızadə, Nurgül Şahməmmədova Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyib, ədəbi kompozisiyalar nümayiş etdiriblər.

Keçidlər