Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

10 oktyabr 2023 | 18:48
Oktyabrın 10-da Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq şəhər məktəblilərinin iştirakı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Rövşən Məhərrəmli, Qazax Rayon Polis Şöbəsində Kibercinayətkarlığa qarşı mübarizə qrupunun baş əməliyyat müəvəkkili, polis polkovnik-leytenantı Amil Hacıyev, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Sahib Namazov, narkoloq-həkim Nahidə Osmanova, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktorları, psixoloqları, yuxarı sinif şagirdləri iştirak ediblər

"Narkomaniyaya yox deyək!” başlığı altında təşkil olunmuş tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərindən bəhs olunub.  

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. G.Həsənova qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaqdır. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan müavin bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Müavin G.Həsənova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya ilə mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. G.Həsənova çıxışında hər il ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı”nın elan edildiyini diqqətə çatdırıb. Aylığın keçirilməsində məqsədin uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunması olduğunu bildirib. Hər il aylıq çərçivəsində Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT və KİV-lərin nümayəndələri, icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif maarifləndirmə tədbirlərinin keçirildiyini söyləyib. Bugünkü tədbirin də sözügedən aylıq ərəfəsində təşkil olunduğunu və böyük əhəmiyyət daşıdığını qeyd edib. Müavin çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da söz açıb. "Bu gün müstəqil Azərbaycanın inkişafı, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəni qoruyub saxlamaq üçün ölkəmizin sizin kimi sağlam ruhda, əqidədə olan gənclərə ehtiyacı var. Gələcəyimiz siz gənclərin əlindədir”, - deyən müavin sonda bir daha gəncləri narkotik vasitələrdən uzaq duramağa səsləyib.

Qazax Rayon Polis Şöbəsində Kibercinayətkarlığa qarşı mübarizə qrupunun baş əməliyyat müəvəkkili, polis polkovnik-leytenantı Amil Hacıyev çıxış edərək cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə ətraflı məlumat verib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu qeyd edib. A.Hacıyev gələcəyimiz olan uşaqlara, gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib.

Qazax RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək məktəbliləri salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. 

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Sahib Namazov çıxış edərək vurğulayıb ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

Narkoloq-həkim Nahidə Osmanova çıxış edərək bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta, özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına topladığını vurğulayıb.  Buna görə də gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb.

Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər