Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Nəğmələr gülüstanım, sevgi dastanım Qarabağ!” adlı tədbir keçirilib

09 iyun 2022 | 18:02

Respublika Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022-ci ilin "Şuşa İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində silsilə tədbirlər keçirilir.

Növbəti tədbir iyunun 9-da Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nöməli tam orta məktəbdə təşkil olunmuş tədbirdə

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri,Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, hər iki Mərkəzin müəllimləri, dərnək rəhbərləri və üzvləri iştirak ediblər.

"Şuşa İli”nə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra 30 illik həsrətdən sonra cənnət Qarabağımızı, doğma Şuşamızı bizə qaytaran, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova tədbiri giriş sözü ilə açaraq rayon rəhbərliyini, qonaqları və iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bildirib. Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinin "Şuşa İli”nə həsr etdikləri tədbirdə iştirakına görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb. Rayon rəhbərliyinin uşaq və yeniyetmələrə, gənclərə, eləcə də rəhbərlik etdiyi Mərkəzin kollektivinə göstərdiyi diqqət və qayğıdan söz açan G.Rəhimova bugünkü tədbirdə iştirak etməsini həmin qayğının davamı kimi qiymətləndirib. Bu iştirakın uşaqlara böyük stimul verdiyini, gələcəkdə daha böyük işlər görməsində yardımçı olduğunu diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qonaqları şairlər diyarı, ziyalılar yurdu Qazaxda salamlamaqdan məmnunluğunu bildirib. "Şuşa İli”nə həsr olunmuş belə bir tədbirin Qazaxda keçirilməsinə görə Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinə, şagirdlərinə razılığını ifadə edib.

Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayeva çıxış edərək rayon rəhbərliyini və iştirakçıları salamlayıb, onlara göstərilən qonaqpərvərliyə, səmimi münasibətə, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə və əməyi keçən insanlara minnətdarlığını bildirib. Qazaxda olmağın məmnunluğunu qeyd edərək rəhbərlik etdiyi Mərkəzin bir neçə şəhər və rayonda, bu gün isə Qazaxda konsert proqramı ilə çıxış etdiyini vurğulayıb. "Qazax haqqında eşitdiklərimizi bu gün öz gözümüzlə gördük”, - deyən mərkəz direktoru bu cür görüşlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.  

Sonra söz uşaqlara verilib. Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim kollektivi, şagirdləri, "Sumqayıt inciləri” rəqs qrupu, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri bir-birindən maraqlı çıxışlarla, kompozisiyalarla çıxış ediblər. Sazda ifa olunan mahnılar, səslənən şeirlər, rəngarəng rəqslər, dahi bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu "Arşın mal alan” əsərindən göstərilən parça alqışlarla qarşılanıb.

Bayram əhval-ruhiyyəli tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən, qazanılan tarixi Qələbədən söz açılıb, illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağı qeyd edilib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz vurğulanıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha qonaqlara belə yüksək səviyyəli tədbirin Qazaxda keçirilməsinə görə minnətdarlığını bildirib. Bugünkü tədbirlə sanki bir anlıq doğma Qarabağımıza, Şuşamıza qayıtdığımızı vurğulayıb. Müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə Mərkəzin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda xatirə hədiyyələri təqdim olunub.

Keçidlər