Qazaxda növbəti qanvermə aksiyası keçirilib
Təqdirəlayiq haldır ki, bu gün ölkəmizdə dövlətimiz tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə xüsusi qayğı göstərilir. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış və müvafiq qanunlar qüvvəyə minmişdir. Eyni zamanda, talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə "Talassemiyasız həyat naminə" layihəsinə start verilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ölkəmizin bütün bölgələrində mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur.
Noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Qazax Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aksiyanın keçirildiyi Qazax Rayon Mərkəzi Xəstəxanasına gəlib və qan verib.
Rayon rəhbərliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının əməkdaşları ilə görüşüb, səmimi ürək sözlərini çatdırıb, Qazaxda təşkil olunan qanvermə aksiyasına görə razılığını ifadə edib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının əməkdaşları qan donorluğunun təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar.
Aksiya çərçivəsində qan vermək üçün mərkəzə 500 nəfərdən çox könüllü müraciət edib və onların 140 nəfərindən qan götürülüb.