Qazaxda Novruz bayramı ərəfəsində şəhər və kənd qəbiristanlıqlarında keçirilən iməcilik bu gün də davam etdirilib
Qazaxda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi artıq bir ənənəyə çevrilib. Rayonda istər bayram ərəfələrində, istərsə də adi günlərdə mütəmadi olaraq bütün qəbiristanlıqlarda iməcilik keçirilir.
Artıq bir neçə gündür ki, müqəddəs Ramazan ayı başlayıb. Qarşıdan isə ən qədim və milli bayramımız olan Novruz bayramı gəlir. Hər il olduğu kimi, bu il də bayram ərəfəsində Qazax rayonunun sakinləri qəbiristanlıqlarda olublar.
Xəbər verdiyimiz kimi, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə martın 13-dən şəhər və kənd qəbiristanlıqlarında iməcilik keçirilir. Ənənə halını alan ümumrayon iməciliyi bu gün də davam etdirilib. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə keçirilən iməcilkdə rayon sakinləri də iştirak edirlər.
İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb.
İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri razılıqla qarşıladıqlarını söyləyərək ilboyu davam etdirəcəklərini bildirirlər.