Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar iclas keçirilib

14 aprel 2025 | 20:30

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətininin məlumatına əsasən Azərbaycanın rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.

Aprelin 15-də bəzi yerlərdə yağıntıların intensivləşəcəyi (Böyük və Kiçik Qafqaz rayonları), əsasən şimal və şərq rayonlarında (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar) güclü olacağı gözlənilir.

Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı ehtimalı yüksəkdir.

Prosesin şimşəklə müşayiət olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Aprelin 15-16-da qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-dək gözlənilən proses ilə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.

Aprelin 14-də Qazax Rayon İcra Hakimiyyətində ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar iclas keçirilib.

İclasda rayon rəhbərliyi, icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Akif Vəliyev, Qazax Mənzil İstismar Sahəsinin rəisi Mahmud Mirzəyev, Qazax şəhər Kommunal Müəssisələri Kombinatının müdiri Tahir Hüseynli və adı çəkilən təşkilatların digər əməkdaşları iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən söz açıb. Rayon rəhbəri bildirib ki, bugünkü iclası keçirməkdə əsas məqsəd mövcud hava şəraiti ilə əlaqədar görülən işləri, qabaqlayıcı tədbirləri və qarşıda duran vəzifələri müzakirə etməkdir. 2024-cü ilin 25-26 may tarixlərində yağan güclü yağışlar səbəbindən çaylarda suyun səviyyəsinin artması və daşqın nəticəsində, eləcə də iyunun 20-də saat 17:30 radələrində ölkənin qərb bölgəsində, o cümlədən Qazax rayonunda güclü küləkli hava şəraitinin törətdiyi ciddi fəsadları bir daha diqqətə çatdıran icra başçısı rayonda baş verə biləcək hər hansı bir hadisəyə hazırlıqlı olmağın vacibliyini qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, elə etmək, hazırlaşmaq lazımdır ki, sonradan problemlər yaranmasın. Bunun üçün lazım gələn bütün qabaqlayıcı tədbirlər yüksək səviyyədə həyata keçirilməli, qarşıda yarana biləcək hər hansı problem əvvəlcədən nəzərə alınmalıdır. Mövcud hava şəraiti ilə əlaqədar lazımi hazırlıq işləri görülür, bundan sonra da səylərimizi artırmalıyıq ki, hər hansı bir problem yarandıqda lazımi vaxtda öz həllini tapsın. İcra başçısı iclasda iştirak edən təşkilat rəhbərlərinə mövcud hava şəraiti ilə əlaqədar şəhər ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının zirzəmilərini, dam örtüklərini bir daha yoxlamalarını bildirərək müvafiq tapşırıqlarını verib.

“Hər bir dövlət məmuru bilməlidir ki, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin arxasında vətəndaş məmnunluğu dayanır. Ona görə də hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşa layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən icra başçısı bugünkü iclasın da məhz bu məqsədi daşıdığını vurğulayıb.

Qeyd edək ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərlərinə, digər aidiyyəti təşkilatlara da müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər