Qazaxda ötən gün dünyasını dəyişən Birinci Qarabağ müharibəsi əlili Azər Məmmədovun yeddi mərasimi olub
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları qəhrəmanlıqları ilə hər zaman tarix yazıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu isə torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ döyüşlərində sağlamlığını itirən qəhrəman oğullarımızdan biri də Dəmirçilər kəndinin igid oğlu Məmmədov Azər Əyyub oğludur. Azər Məmmədov 1992-ci ildən Azərbaycan Ordusu sıralarında Bala Cəfərli kəndində xidmətə başlasa da, sonradan xidmətini Füzuli rayonu ərazisində davam etdirmişdi. 1994-cü ilin 15 aprelində Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə yaralanmış, 2-ci qrup Qarabağ müharibəsi əlili idi. Bu gün Azər Məmmədov bizim aramızda olmasa da o, bizim qəlbimizdə əbədi yaşayacaq. Dekabrın 6-da dünyasını dəyişən qazimizin bu gün yeddi mərasimi olub.
Dekabrın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə Dəmirçilər kəndində olub, qazimizin evində keçirilən yeddi mərasimdə iştirak edib.
Rayon rəhbəri dünyasını dəyişən qazimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. Qazimizin övladına tək olmadığını söyləyən rayon rəhbəri hər an dəstək olmağa hazır olduğunu qeyd edib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. Bütün qazilərimiz kimi, Azər Məmmədovun ailəsinin də daim diqqətdə saxlanılacağını söyləyib.