Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı rayonun Kosalar kəndində ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıblar
Son illər Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Ölkə Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahənin inkişafında mühüm rol oynayır. Sözügedən Dövlət Proqramından irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Bu il artıq onuncu ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Mayın 5-dən rayonda qazaxlı kümçülər tərəfindən barama istehsalı mövsümünə start verilib.
Mayın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Elvin Azadəliyev rayonun Kosalar kəndində olub, ipəkqurdu toxumu paylanılmış kümçülərlə görüşərək ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıblar.
Bildirilib ki, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 30 qutu ipəkqurdu toxumu gətirilərək qazaxlı kümçülərə paylanılıb. Cari ilin barama mövsümü üçün rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülər tərəfindən 1200 kq yaş baramanın istehsalı nəzərdə tutulub.
Kümçülər ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən tələb olunan bütün hazırlıq işlərinin görüldüyünü, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparıldığını, otaqların lazımi istiliklə təmin edildiyini, yem bazasının təmin olunduğunu vurğulayıblar. İpəkqurdlarının üçüncü yuxunu başa vuraraq dördüncü yaşa keçdiklərini qeyd ediblər.
Kənddə barama yetişdirən kümçülər cari ildə də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.