Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı şəhərin Aslan Kəmərli küçəsində aparılan abadlıq işlərinə yerində baxış keçiriblər

19 may 2025 | 23:45

Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurlu icra olunur ki, bu, paytaxt Bakıda və respublikamızın bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq işlərində əks olunur. Bunu son bir neçə ildə Qazaxda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olar. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. 

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşənməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparılması, Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin aparılması, Aslan Kəmərli küçəsində yeni səkilərin salınması, şəhərin Heydər Əliyev prospektində müasir işıqlandırma sisteminin quraşdırılması, səkilərin kənarına məhəcərlərin vurulması söylədiklərimizin əyani sübutudur.

Təqdirəlayiq haldır ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 127 və 158, Vidadi küçəsi 14 ünvanında yerləşən ikimərtəbəli yaşayış binalarının həyətlərinə, eləcə də Nəriman Nərimanov yaşayış massivində məhəllədaxili yollara yeni asfalt örtüyünün vurulması nəzərdə tutulub. 

Mayın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Elvin Azadəliyev şəhərin Aslan Kəmərli küçəsində aparılan abadlıq işləri ilə yerində tanış olublar. Rayon rəhbərliyi hazırda sözügedən küçədə yol kənarına yeni səkilərin salındığını və tamet vurulduğunu bildirib.

Keçidlər