Qazaxda “Qadın gülərsə, bəşəriyyət güləcək!” mövsusunda tədbir keçirilib
Martın 7-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın gülərsə, bəşəriyyət güləcək!” mövsusunda tədbir keçirilib.
Tədbir YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başlayıb. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən qadın partiya üzvlərinin dəvət olunduğu tədbiri YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev açaraq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilən dövlət qadın siyasətindən, müasir Azərbaycan cəmiyyətində qadınların rolundan, Azərbaycan qadınının – Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşı olmasından geniş bəhs edib. Ölkəmizdə qadın hərəkatının, dövlət qadın siyasətinin, onun dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin hakimiyyətdə olduğu illərdə bu yönümdə bir çox qanunların qəbul olunduğunu, fərman və sərəncamların imzalandığını bildirib. A.Nəbiyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasətinin böyük yüksəliş mərhələsinə qədəm qoyduğundan, qadınlara göstərilən dövlət qayğısından, qadınların Azərbaycan cəmiyyətindəki mühüm rolundan bəhs edərək 44 günlük Vətən müharibəsində xalqımıza Şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin analarının da məhz fədakar Azərbaycan qadını olduğunu vurğulayıb və Azərbaycan qadınlarının simvolu, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi ürək sözlərini çatdırıb. G.Həsənova qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb, onların hərtərəfli fəaliyyəti üçün bütün şəraiti yaradıb, cəmiyyətin bütün sahələrində elm, təhsil, səhiyyə, idman, siyasət sahəsində lider qadınların yetişməsinə xüsusi diqqət yetirib. Ulu Öndər qadın şəxsiyyətinə böyük hörmətlə yanaşır, qadınlarla bağlı məsələlərə yüksək diqqət yetirirdi. Dahi şəxsiyyət qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmədə fəal təmsil olunmasına xüsusi diqqət yetirir, peşə fəaliyyətində fərqlənən qadınların mükafatlandırılması, müxtəlif adlarla təltif olunması istiqamətində əhəmiyyətli işlər görürdü. Ümummilli Lider Heydər Əliyevin imzaladığı bir çox fərman və sərəncamlar qadın hüquqlarının müdafiəsinə yönəlmişdir. Müavin həm də bu gün Ulu Öndərin qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fərqlənən qadınların fəaliyyətini yüksək mükafat və fəxri adlarla qiymətləndirir. Ölkə rəhbəri İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Milli Məclisin sədri vəzifələri də xanımlara etibar edilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bu siyasət Azərbaycan qadınını daim irəliyə, tərəqqiyə doğru aparır, onu beynəlxalq aləmdə, dünya qadınlar birliyində layiqli bir yerdə saxlayır.
Tədbirdə partiya fəallarından Bəsdi Ələkbərova, Afət Eyyubova, Pəri İbrahimova, Nəsibə Tağıyeva çıxış edərək bu gün Prezident tərəfindən Azərbaycan qadınlarına göstərilən diqqət və qayğıdan, bu sahədə Ulu Öndərin misilsiz xidmətlərindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir qadına nümunə olmasından danışıblar. Ölkəmizdə qadınlara göstərilən hörmət və ehtirama görə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin şagirdləri tədbir iştirakçılarını şeirlə təbrik ediblər.
Sonda YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib. Ən fəal partiya üzvləri Fəxri Fərmanla təltif olunub. Tədbir iştirakçılarına bayram hədiyyələri təqdim edilib.