Qazaxda “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib
Fevralın 26-da Qazax Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirin əsas məqsədi yerli qurumlar arasında koordinasiyanı gücləndirmək, qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək və yayılma arealını minimuma endirmək olub.
Ədəbiyyat Muzeyində keçirilən maarifləndirmə tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, sədr müavini Cəfər Məhərrəmov və digər əməkdaşlar, Qazax RİH başçısının şəhər və kənd İƏD-si üzrə nümayəndəlikləri, bələdiyyə sədrləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Qazax bölməsinin rəisi Faiq Bəkirov, Sudan İstifadə Birliklərinin sədrləri, sahibkarlar, din xadimləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı üçün ciddi təhlükə yaradan invaziv zərərverici olduğunu qeyd edərək vətəndaşların bu zərərvericiyə qarşı maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu cür maarifləndirici tədbirin Qazaxda təşkil olunmasına görə Kənd təsərrüfatı naziri Məcnun Məmmədov başda olmaqla, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəhbərliyinə razılığını ifadə edib, bugünkü görüşün mühüm əhəmiyyət daşıdığını bildirib. Rayon rəhbəri qəhvəyi mərmər bağacığı ilə mübarizənin kompleks şəkildə – aqrotexniki, mexaniki, kimyəvi və bioloji üsulların birlikdə tətbiqi ilə aparılmalı olduğunu bildirib. Fermerlərin, sahibkarların, təsərrüfatla məşğul olan kənd sakinlərinin maarifləndirilməsinin və vaxtında tədbir görülməsinin məhsul itkilərinin qarşısının alınmasında əsas rol oynadığını bir daha diqqətə çatdırıb. İcra başçısı əhali arasında monitorinq və təbliğat işləri barədə ətraflı məlumat verib, hazırda zərərvericinin qışlama mərhələsində olduğunu nəzərə alaraq, onun aşkar olunması və məhv edilməsi istiqamətində görüləcək işləri qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkilində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. S.Hacıyev tədbirin əhəmiyyətindən danışaraq görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. Natiq bildirib ki, qəhvəyi mərmər bağacığının yayıldığı bölgələrdə mübarizə tədbirləri gücləndirilib, qışlama yerlərinin aşkarlanması istiqamətində monitorinqlərin sayı artırılıb. Yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilir. Həmçinin maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır. AXA sədri yaz mövsümünün yaxınlaşması ilə əlaqədar yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlərin intensivləşdirilməli, mexaniki mübarizə tədbirlərinin vaxtında icra olunmalı olduğunu vurğulayıb. Qeyd edib ki, eyni zamanda, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi və mobil qrupların fəaliyyətinin gücləndirilməsi təmin edilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov çıxış edərək qəhvəyi mərmər bağacığı, bu zərəvericiyə qarşı aparılan mübarizə tədbirləri barədə ətraflı məlumat verib, bu sahədə maarifləndirmənin mühüm əhəmiyyət daşıdığını söyləyib.
Tədbirdə zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgədə əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.
Aslanbəyli bələdiyyəsinin sədri Şahismayıl Məmmədov, sahibkarlardan Natiq Məmmədov, Qurban Mikayılov, Qazax RİH başçısının Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Yaşar Əfəndiyev, Qazax “Ümid” Sudan İstifatə Birliyinin icraçı direktoru Mikayıl Umudlu fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Maarifləndirici tədbirin təşkilinə görə təşkilatçılara razılıqlarını ifadə ediblər.







