Qazaxda qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib
Hər kəsə yaxşı məlumdur ki, soyuq hava şəraiti istər kommunal sektorda, istərsə də digər sahələrdə qışa hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini yaradır.
Noyabrın 24-də Qazax rayonunda qış mövsümünə hazırlıqla əlaqədar iclas keçirilib.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən iclasda icra başçısı Rəcəb Babaşov, aparatın məsul şəxsləri, idarə, müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, iclası keçirməkdə məqsəd qış mövsümünə hazırlıqla əlaqədar görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir. Rayon rəhbəri qeyd edib ki, bütün sahələrdə qışa ciddi hazırlıq işləri görülməlidir. Elə etmək, elə hazırlaşmaq lazımdır ki, sonradan problemlər yaranmasın. Bunun üçün lazım gələn bütün hazırlıqlar yüksək səviyyədə həyata keçirilməli, qarşıda yarana biləcək hər hansı problem əvvəlcədən nəzərə alınmalıdır. Eyni zamanda, bununla bağlı lazımi orqanların rəhbərlərinə müvafiq göstərişlər veriləcək, qarşıya konkret vəzifələr qoyulacaqdır. Məqsədimiz qarşıda duran problemləri yerindəcə həll etməkdir. Çalışmalıyıq ki, mövsümlə bağlı heç bir problem olmasın.
İcra başçısı vurğulayıb ki, nə qədər həyat var, problem də var. Qış mövsümündə isə problemlər çoxalır. Müraciətlərin sayı artır. Qarşımızda çox mühüm vəzifələr durur. Ona görə də hər bir idarə və müəssisə rəhbəri diqqətli olmalıdır. Əvvəlcədən lazım gələn bütün tədbirlər görülməli, gələcəkdə heç bir problemin yaranmaması üçün lazımi işlər həyata keçirilməlidir. Xüsusilə də elektrik transformatorları, elektrik xətləri, qaz paylayıcı xətlər yoxlanılmalıdır. Çoxmənzilli yaşayış binalarında elektrik və qaz cihazlarının təhlükəsiz istifadə olunmasına, tüstü boru və bacalarının düzgün quraşdırılmasına, təmizlənməsinə fikir verilməli, qış rejiminə hazır vəziyyətə gətirilməldir. Elektrik enerjisinin gərginlik düşgüsünə, mavi yanacağın təzyiqinə daim nəzarət olunmalıdır.
“Hər bir dövlət məmuru bilməlidir ki, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin arxasında vətəndaş məmnunluğu dayanır. Hər bir dövlət məmurunun vəzifə borcudur ki, vətəndaşa layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etsin”, - deyən icra başçısı bugünkü iclasın da bu məqsədi daşıdığını qeyd edib.
İcra başçısı Rəcəb Babaşov iclasa yekun vuraraq qeyd edib ki, qış mövsümünə hazırlıqla bağlı işlər görülür, bundan sonra da səylərimizi artırmalıyıq ki, hər hansı bir problem yarandıqda lazımi vaxtda öz həllini tapsın. Rayon rəhbəri sonda bir daha aidiyyəti üzrə ayrı-ayrı müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.