Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Qurban bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri yad edilib

05 iyul 2022 | 15:59

2020-ci il! Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk olunan şanlı tarix! O tarix ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Azərbaycan özünün yeni tarixini yazdı. Şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimiz şanlı Zəfər, tarixi Qələbə bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu bir daha nümayiş etdirdi. 30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazax rayonu da şəhidlər verdi. Vətən torpağı bütöv olsun deyə Qazaxın igid, mərd oğulları da döyüşdə qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.

Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər olan və sonunda xalqımıza Böyük Qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə minnətdar olmaq hər bir vətəndaşın borcudur.

Qazaxda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi daim yad olunur, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün örnək göstərilir.

Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əsas götürən rayon rəhbərliyi Qurban bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da unutmadı, əlamətdar gündə şəhidlərimizin əziz xatirələrini ehtiramla andı.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovla birlikdə Vətən müharibəsində iştirak edən rayonun Ürkməzli, Dəmirçilər, Çaylı Bala Çaylı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızı məzarları başında anıb, Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dua oxunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Rayon rəhbəri cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin fəxr yerimiz olduqlarını bildirib. Azərbaycan xalqı var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin borcu olduğunu vurğulayıb.

“Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün örnək olmalıdır", - deyən icra başçısı bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi bayram ərəfəsində yad etməyi özünə borc bildiyini dilə gətirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasını razılıqla qarşılayıblar. Övladları ilə bağlı həyata keçirilən və keçirilməkdə davam edən bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Keçidlər