Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Qurban bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri yad olunub

06 iyul 2022 | 12:06

Azərbaycan xalqının yaddaşına, hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə, qərinələr dolansa belə tarixi Qələbənin, şanlı Zəfərin yazıldığı bir il kimi hər zaman qürurla xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan dövləti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə böyük Qələbə əldə etdi. Xalq olaraq qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. Eyni zamanda minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizlərin üzərinə düşən ən ümdə işdir.

30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazaxın da igid, mərd oğulları döyüşdə əsl qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksəldilər.

Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də əsirgəmir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqəti iş fəaliyyətinin əsas hissəsi hesab edir. Əlamətdar günlərdə şəhidlərimizi və ailələrini yad edən rayon rəhbəri ənənəsinə sadiq qalaraq Qurban bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da yad edib, onların əziz xatirələrini ehtiramla anıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə bu dəfə Vətən müharibəsində iştirak edən Qazax rayonunun Cəfərli, Xanlıqlar, Sofulu, Aşağı Əskipara, Ağköynək, Qarapapaq kəndlərindən və şəhərdən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarlarını ziyarət edən icra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dua oxunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin bu gün hər kəsin fəxr, qürur yeri olduğunu bildirib. Müstəqil Azərbaycan dövləti, xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.

"Bu gün özümə borc bildim ki, Qurban bayramı ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov hər zaman şəhid ailələrinə göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda unudulmamasını, yad olunmasını razılıq hissi ilə qarşılayıblar. Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi dəyərləndiriblər.

Keçidlər