Qazaxda Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarını ziyarət ediblər
Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacaq.
Tarixi Qələbəni bizlərə bəxş edən igid Vətən oğullarına, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə daim qayğı göstərmək hər birimizin vətəndaşlq borcu olmalıdır.
Sentyabrın 16-da Qazax Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları 15 sentyabr – Bilik Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarını ziyarət ediblər. Qazax şəhərində, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Ürkməzli, Xanlıqlar və Ağköynək kəndlərində olub, hədiyyə təqdim edərək şəhidlərimizin övladlarını sevindiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və hüquq-mühafizə orqanları rəhbərlərinin səmimi təbriklərini, ürək sözlərini çatdırıblar. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildiriblər. Bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd ediblər. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər.
Şəhid ailələri onlara göstərilən diqqətə, qayğıya, səmimi münasibətə görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar. Dövlətin qayğısını hər zaman hiss etdiklərini vurğulayıblar. Bugünkü ziyarəti də dövlətin və ölkə rəhbərinin növbəti qayğısı kimi qiymətləndiriblər.