Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda rayon rəhbərliyi Vətən müharibəsi şəhidi çavuş Elməddin Pənahovun atasının vəfatı ilə əlaqədar ailəsini ziyarət edərək başsağlığı veriblər

01 noyabr 2023 | 19:25

2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi, İkinci Qarabağ savaşı! Zəfər dolu günlərdən 3 il keçməsinə baxmayaraq Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olmaq sevincini bu gün də yaşayır. Bu sevinci isə bizlərə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçilərimiz bəxş etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı neçə-neçə igid Vətən oğlu doğma torpaq, yurd uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə yüksəldilər. Onlar uca bir məqama çatmaqla həm də öz adlarını hərb tariximizə və xalqın yaddaşına əbədi həkk etdilər.

Vətən, dövlət və xalq qarşısında öz borcunu layiqincə sonadək ödəyib qəhrəmanlıq nümunəsi göstərən, Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş çavuş Pənahov Elməddin Məqsəd oğludur.

Noyabrın 1-də şəhidimizin atası Pənahov Məqsəd Məhəmmədəli oğlu dünyasını dəyişib. Bu gün şəhidimizin atasının dəfn mərasimi olub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının digər məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ürkməzli kəndinə gələrək şəhidimizin ata ocağında olublar. Şəhid atasının vəfatı ilə əlaqədar ailəsini ziyarət edərək başsağlığı veriblər.

Birinci müavin Məmməd Alıyev şəhid atası Məqsəd Pənahovun vəfatından kədərləndiyini bildirib, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. Qeyd edilib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var Elməddin Pənahov kimi qəhrəmanlarımız daim qəlblərdə yaşayacaq. Şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqları vurğulanıb. Ölkəmizdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının hər bir dövlət məmuruna örnək olduğu söylənilib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyi bildirilib.

Keçidlər