Qazaxda sağlam və rasional qidalanma, qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı maarifləndirici tədbir keçirilib
Respublika Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndində qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması, 10.12.4-cü bəndində isə sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin həyata keçirilməsi öz əksini tapmışdır ki, bu sahədə dövlət tərəfindən məqsədyönlü işlər görülür.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da sözügedən Dövlət Proqramında qeyd edilən bəndlərin icrası ilə bağlı silsilə tədbirlər təşkil olunur.
Aprelin 25-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sağlam və rasional qidalanma, qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qida Təhlükəsizliyi Agentliyinin Tovuz-Qazax Regional bölməsində sektor müdiri Elnur Əzizov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin rəhbərliyi və tələbələri, təhsil işçiləri, məktəb direktorları, bağça müdirləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Rayon rəhbəri qida təhlükəsizliyinin cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahə olduğunu qeyd edib. İcra başçısı bildirib ki, bugünkü görüşün əsas məqsədi Dövlət Proqramında əksini tapan bəndlərdə qeyd edilən qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, sağlam və rasional qidalanma istiqamətində maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısının alınmasının vacibliyini diqqətə çatdırmaqdır. Rayon rəhbəri ilk növbədə qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulunun seçilməli, istifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməli olduğunu bildirib. Xüsusilə istifadə edilən ərzaqların, məshulların istifadə müddətinə, saxlanma şəraitinə diqqət yetirilməli olduğunu vurğulayıb. Rayon rəhbəri son illər Qazaxda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı görülmüş işlərdən söz açaraq aidiyyəti şəxslərlə birlikdə rayonda fəaliyyət göstərən çörək sexlərində, marketlərdə, restoran və kafelərdə keçirilmiş reydlər barədə də məlumat verib.
Görüşdə düzgün konservləşdirilməmiş qidaların törətdiyi fəsadlar, yaranan xəstəliklər və onların müalicəsi barədə iştirakçılara ətraflı məlumat verilib.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.