Qazaxda şair Səhlədar Hidayətoğlunun 60 illik yubileyi qeyd olunub
Qərbin qapısı kimi tanınan Qazax həm də sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bu gün daha bir ziyalımızın, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, şair Osmanov Səhlədar Hidayət oğlunun 60 illik yubileyi qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının birgə təşkilatçılığı ilə Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Səhlədar Hidayətoğlunun sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər yubilyara olan təbriklərini çatdırıblar. Şairin yaradıcılığından söhbət açıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.
Yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlar, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, mədəniyyət işçiləri, yubilyarın ailə üzvləri, Alpout kənd sakinləri, məktəblilər, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Fəxri Qazaxlılar parkında Xalq şairi Mirvarid Dilbazinin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Ədəbiyyat Muzeyində davam edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbirə toplaşanları salamlayıb, yubilyarı əlamətdar gün münasibətilə təbrik edib. Şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. “Biz şairləri, ziyalıları dövlətin, ölkə rəhbərinin bizlərə olan qayğısı yaşadır”, - söyləyən şair bu gün Azərbaycanda həmin qayğını yüksək səviyyədə hiss etdiyini bildirib. Qazaxda inşa edilən Ədəbiyyat Muzeyini şairlərə, ziyalılara verilən dəyərin əyani sübutu kimi qeyd edib. B.Vüsal ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib. S.Hidayətoğlu yaradıcılığından söz açan şair onun ilk kitabının ön söz müəllifi Xalq şairi Mirvarid Dilbazi olduğunu, dəyərli ziyalımızın onun şeirlərinə qiymət verdiyini söyləyib. B.Vüsal S.Hidayətoğlunun şeirlərində Vətənə, doğma torpağa olan sevginin, dilə, dinə olan hörmətin aydın şəkildə əks olunduğunu qeyd edib. Bundan sonra da hər zaman Vətən, torpaq, el-oba, qələbə, zəfər ruhlu şeirlər yazıb-yaratmağı arzu edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Səhlədar Hidayətoğlunu 60 illik yubileyi münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, gələcək yaradıcılıq uğurları arzulayıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın saz-söz adamlarına, yazarlara, şairlərə, ziyalılara verdikləri dəyərdən, göstərdikləri diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu, ölkə başçısının Sərəncamı ilə tikilən və istifadəyə verilən Ədəbiyyat Muzeyini bunun bariz nümunəsi kimi göstərib. Fəaliyyətə başladığı ilk gündən bu amili hər zaman nümunə və örnək götürdüyünü qeyd edib. Ziyalı kəlməsinə, ziyalı sözünə hər zaman yüksək qiymət verdiyini vurğulayıb. İcra başçısı şairlərimizə, qələm adamlarına vətənpərvərlik mövzusunda, xüsusilə də 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəni tərənnüm etdirən, şəhidlərimizin qəhrəmanlığını əks etdirən şeirlər yazmalarını, öz töhfələrini vermələrini tövsiyə edib. Rayon rəhbəri sonda bir daha yubilyara yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı arzulayıb.
Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin direktor əvəzi, AYB-nin üzvü Gülnar Osmanova çıxış edərək yubilyara səmimi ürək sözlərini çatdırıb. S.Hidayətoğlunun yaradıcılığından, yazdığı şeirlərindən söz açan G.Osmanova Onu parlaq istedad sahibi kimi tanıdığını qeyd edib. Şairin hər zaman öz şeirlərində Vətən həsrətini, niskilini, torpaqlarımızın işğal altında qalması ilə barışmadığını aydın şəkildə göstərdiyini, qələmə aldığını söyləyib. S.Hidayətoğlunun ailəsinin hər zaman saza, sözə, şeiriyyətə dəyər verən insanlar olduğunu bildirib. G.Osmanova şairlərə, söz adamlarına verdiyi dəyərə görə rayon rəhbərliyinə razılığını ifadə edib.
AYB-nin üzvü, Ağstafadakı “Hüseyn Arif ədəbi məclisi”nin rəhbəri, şair Saqif Qaratorpaq çıxış edərək tədbir iştirakçılarını salamlayıb, S.Hidayətoğlunu 60 illiyi münasibətilə təbrik edib, Ona cansağlığı, yaradıcılıq uğurları arzulayıb. Yubilyarın doğum gününün əlamətdar günlər ərəfəsində, Xankəndidə üçrəngli bayrağımızın asıldığı, ərazi bütövlüyümüzün bərpa edildiyi günlərdə qeyd olunmasını şairin xoşbəxtliyi hesab edib. S.Qaratorpaq S.Hidayətoğlunun sözə, qələmə könül verdiyini, öz ürək sözlərini şeirlərinin dili ilə çatdırdığını bildirib. S.Qaratorpaq yubilyara bundan sonra da sağlam canla yazıb-yaratmağı, oxucularının könlünü dərin, mənalı, qələbə ruhlu şeirləri ilə fəth etməyi arzu edib.
Yubilyarın tələbə yoldaşı, Tovuz şəhəri saz məktəbinin müəllimi Kamandar Ələsgəroğlu çıxış edərək təbriklərini çatdırıb, S.Hidayətoğlu ilə 43 illik bir dostluğunun, yoldaşlığının olduğunu vurğulayıb. S.Hidayətoğlunun tələbəlik illərindən şeirə, sözə böyük dəyər verdiyini, o vaxtdan yazıb-yaratdığını söyləyib.
AYB Qazax zona filialının ədəbi-məsləhətçisi, Prezident mükafatçısı Mustafa Rasimoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ilk növbədə təhsil, mədəniyyət sahəsində çalışan insanlara, şairlərə, yazarlara, yaradıcı adamlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərdiyi qayğıya görə rayon rəhbərliyinə ziyalılar adından minnətdarlığını bildirib. Bugünkü yubiley tədbirinin həmin diqqət və qayğının davamı, ziyalılara olan hörmətin əyani göstəricisi olduğunu qeyd edib. Bildirib ki, S.Hidayətoğlunun şeirlərini oxuduqca Onu daha yaxından tanıyaraq insani keyfiyyətlərinə, şəxsiyyətinə də bələd olmaq olar. S.Hidayətoğlunun müəllimlik fəaliyyəti, yetişdirdiyi şagirdləri ilə nümunə olduğunu söyləyən natiq yubilyarı bir daha təbrik edib.
Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Valeh Nəsibli çıxış edərək tədbir iştirakçılarını salamlayıb, vaxtilə tələbəsi olmuş, bu gün 60 illiyini qeyd edən şairə səmimi ürək sözlərini çatdırıb. Ziyalı olaraq şairlərə, söz adamlarına olan diqqətinə, qayğısına görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. S.Hidayətoğlu, Onun yaradıcılığı haqqında ürək sözlərini bildirən natiq onun şeirlərində dərin, fəlsəfi məna olduğunu və buna görə S.Hidayətoğlu imzasının imzalar içərisində seçildiyini bildirib. Şairin yeni şeirlərinin toplandığı növbəti kitabının çap olunmasının nəzərdə tutulduğunu və ön söz müəllifinin olmasının ona həvalə edildiyini söyləyib.
AYB-nin üzvü, Prezident mükafatçısı Mübariz Qaragözlü çıxış edərək qələm dostunu 60 illik yubileyi münasibətilə təbrik edib. “S.Hidayətoğlu poeziyası özünəməxsusluğu ilə seçilir”, - deyən natiq yubilyara səmimi ürək sözlərini çatdırıb.
AYB-nin üzvləri, şair Bilal Qoca, şairə Tamella Poladlı, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova yubilyara həsr etdikləri şeir töhfəsi ilə təbriklərini çatdırıblar.
AYB-nin üzvləri şair, Məzahir Yaqub, şair Elnur Süleymanlı yubilyarı təbrik edib, səmimi ürək sözlərini bölüşüblər. Yubilyarın şeirlərini səsləndirərək daim yazıb-yaratmağı arzulayıblar.
Məktəbli Gülsarə Musayeva şairin “Azərbaycan əsgəri”, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Oruc Abdullayev şairin “Sarsılmaz Türkiyəm!”, Rəna Ağayeva şairin “Yaz gələcək qardaşım” şeirini səsləndiriblər.
Tovuzdakı “Misri“ saz qrupunun üzvləri Vüqar Sadıqov və Bəhmən Rzalı şair S.Hidayətoğlunun şeirini səsləndirərək ifa etdikləri saz havası ilə yubilyarı təbrik ediblər.
Aşıq Saqif Məzəmli yubilyarın şeirini, Samir Allahverdiyev Xalq şairi Səməd Vurğunun “Nə tez qocaldın şair” şeirini səsləndirərək saz havaları ilə öz təbriklərini çatdırıblar.
Sonda yubilyar, AYB-nin üzvü, Prezident mükafatçısı Səhlədar Hidayətoğlu çıxış edərək ona göstərilən diqqətə, qayğıya, bugünkü yubiley tədbirinin təşkilinə görə rayon rəhbərliyinə öz adından və ailəsi adından minnətdarlığını bildirib. Ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb. Xankəndidə üçrəngli bayrağımızın asılması münasibətilə qələmə aldığı “Şükürlər olsun”, “Salam yurd yeri” şeirləri ilə tədbirə toplaşanların könlünü oxşayan şair sonda bir daha razılığını ifadə edib.
Məlumat üçün qeyd edək ki, Səhlədar Hidayətoğlu (Osmanov Səhlədar Hidayət oğlu) 1963-cü il sentyabrın 5-də Qazax rayonunun Alpout kəndində anadan olub. 1981-ci ildə Alpout kənd tam orta məktəbini bitirib, M.F.Axundov adına Azərbaycan Pedaqoji rus dili və ədəbiyyatı institutuna qəbul olub. Tələbəlik illərində institutda şair Kazım Kazımlının başçılıq etdiyi “Bulaq” ədəbi məclisində şeir sənətinin incəliklərini öyrənib. Həmin dövrdən etibarən dövrü mətbuatda şeirlərini çap etdirməyə başlayıb.
1986-ci ildə ali məktəbi bitirdikdən sonra təyinatla Sabirabad rayonunun Surra kəndində Rus dili və ədəbiyyatı müəllimi kimi işləməyə başlayıb. Həmin dövrdə Sabirabadda fəaliyyət göstərən “Suqovuşan” ədəbi məclisinin yığıncaqlarında iştirak edib, rayon qəzetində bədii yazıları çap edilib. 1989-cu ildə təyinat müddəti bitdikdən sonra Qazax rayonuna qayıdıb və Alpout kənd tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirib.
1996-cı ildə Xalq şairi Mirvarid Dilbazinin ön sözü və xeyir-duası ilə “Yeri, karvanım yeri” adlı ilk şeirlər kitabı çap olunub.
1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2003-cü ildə şairin “Hamını sevgi aldadır” adlı ikinci şeirlər kitabı çap edilib.
2005-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda ixtisasdəyişmə kursunda oxuyub, həmin vaxtdan Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi işləməyə başlayıb.
2013-cü ildə isə “Göylərə salam” adlı üçüncü kitabı işıq üzü görüb. Dəfələrlə müxtəlif almanaxlarda və mətbu orqanlarda şeirləri çap olunub.
2018-ci ildə şair Prezident təqaüdünə layiq görülüb. Bir neçə dəfə “Kəpəz” TV və “Türkel” TV kanallarında ədəbi düşüncələrini bölüşüb, şeirlərini səsləndirib.
2021-ci ildə Ağstafa Regional Mədəniyyət İdarəsinin və AYB Qazax zona filialının “Nizami Gəncəvi İli” münasibətilə təşkil etdiyi şeir müsabiqəsində ikinci yerə layiq görülüb, diplomla təltif edilib.
Qazaxda uzun illərdir ki, AYB Qazax zona filialının nəzdində fəaliyyət göstərən “Vurğun bulağı” ədəbi məclisinin sədridir, bir çox istedadlı gənclərin üzə çıxarılmasında Onun da əməyi var.
Müəllim kimi fəaliyyətində isə ona yaxın davamçısını yetirmişdir. Şagirdləri qəbul imtahanlarında ən yüksək nəticələr göstərmişdir. Hazırda bədii yaradıcılıqla və pedaqoji fəaliyyətlə məşğuldur.