Qazaxda səfərdə olan Türkiyəli qonaqlar Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar
İyulun 23-də Qazax şəhərində fəaliyyət göstərən “İstanbul” Ailəvi İstirahət Mərkəzində şəhid övladları üçün yaradılmış “Hüsniyə Mutlu” adına oyun və əyləncə parkının açılışı olub.
Türkiyə Cümhuriyyəti tərəfindən mərhum Hüsniyə Mutlunun xatirəsinə yaradılmış park iki qardaş ölkə arasında olan dostluğun, eyni zamanda, canını Vətən üçün fəda edən igid oğullarımızın bizlərə əmanət olan övladlarına sahib çıxmağın daha bir bariz nümunəsidir.
“Çocuk oyunla, dünya çocukla gözəldir!” şüarı altında yaradılmış parkın açılış mərasimində Türkiyədən olan qonaqlar - Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun başkanı Mehmet Mutlu, keçmiş 22 və 26-cı dönəm Ərzurum millət vəkili, Türk professoru və siyasətçi Mustafa İlıcalı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, keçmiş 3-cü dönəm Ümraniyə bələdiyyə başkanı Hasan Can, İPAR Macəra və Oyun Parkları Dərnəyinin Yönətim Kurulu Başkanı Yusuf Daştan, Park kent şirkətinin nümayəndəsi Əmrə Ulusoy, Tanrıkulu şirkətinin sahibi Mustafa Tanrıkulu, Şahzadə, Osmanlı nəslinin davamçısı, Sultan Abdulhəmidin nəvəsi Orhan Osmanoğlu və həyat yoldaşı Esra Osmanoğlu, digər qonaqlar - Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, “PrimeTv”-nin baş redaktoru Aygün Muradxanlı, “Yeni Musavat” Media Qrupun siyasət şöbəsinin müxbiri Cavanşir Abbaslı iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar Qazax Rayon İcra Hakimiyyətində olub, rayon rəhbərliyi ilə görüşüblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayıb, onları Qərbin qapısı sayılan Qazaxda qarşılamaqdan məmnunluq hissi keçirdiyini bildirib və səmimi ürək sözlərini çatdırıb. İcra başçısı şəhid övladları üçün yaradılmış parkın ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlığını bildirib. Qazaxda bu parkın yaradılmasını qardaş Türkiyənin şəhid balalarına olan böyük töhfəsi kimi qiymətləndirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 günə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən söz açan icra başçısı bu savaşda ilk gündən axıra qədər qardaş Türkiyənin dəstəyini hiss etdiyimizi qeyd edib. Müharibə vaxtı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz çıxışlarında hər dəfə qardaş Azərbaycan söyləməsini, arxa, dayaq, dəstək olmasını xalqımızın bu gün də qürurla xatırladığını və buna görə sonsuz minnətdarlıq ifadə olunduğunu diqqətə çatdırıb. İcra başçısı illər öncə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dostluğun, səmimi münasibətin Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən layiqincə davam etdirildiyini qeyd edib. Rayon rəhbəri bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun bundan sonra da əbədi, daimi olmasını arzulayıb.
Səmimi söhbət əsasında keçən görüşdə qonaqlar onlara göstərilən xoş münasibətə, Türkiyə dövlətinin ünvanına söylənilən xoş sözlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Azərbaycanla Türkiyənin iki qardaş ölkə olduğunu, tarixi köklərə söykənən dostluq, qardaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyini, pis gündə hər zaman dəstək olmağa, yaxşı gündə Azərbaycanın sevincinə baxıb sevinməyə hazır olduqlarını bildiriblər. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəni qürurla xatırladıqlarını və buna görə şəhidlərimizə borclu olduğumuzu qeyd ediblər. Qardaş ölkə olaraq Vətən üçün canlarını fəda edən şəhidlərimizin övladlarını sevindirməyi, onların könlünü almağı özlərinə borc bildiklərini söyləyiblər. Bugünkü görüşün xoş anlarla xatirələrə yazıldığını, böyük əhəmiyyət daşıdığını qeyd edən qonaqlar bu səmimiyyətin kökündə iki qardaş ölkənin bir-birinə olan sonsuz hörmət və ehtiramının dayandığını vurğulayıblar.
Sonra qonaqlar Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Muzeylə tanışlıq qonaqların böyük marağına səbəb olub. Muzeyin direktoru Gülnaz Alişanova bildirib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və “bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan qonaqlara “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Səməd Vurğun”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Müasir dövr” və “Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.
Muzeylə yaxından tanış olan qonaqlar buradan xoş təəssüratlarla ayrılıblar.