Qazaxda şəhid baş leytenant Yunis Kazımovun bu gün ildönümü mərasimi keçirilib
2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla, xeyli sayda hərbi qulluqçumuz şəhid oldu.
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da döyüş meydanında qəhrəmancasına vuruşaraq adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar.
Sentyabrın 14-də qəhrəman şəhidlərimizin uğrunda canlarını fəda etdikləri torpağa tapşırıldıqları gündən 1 il ötür. Bu gün igid Vətən oğlu baş leytenant Kazımov Yunis Qasım oğlunun ildönümü mərasimi keçirilib. Qəhrəman şəhidimizin əziz xatirəsi hörmət və ehtiramla anılıb.
Sentyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhidimizin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri şəhidimizin ildönümü mərasimində iştirak edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Qəhrəman şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənib.
İcra başçısı Rəcəb Babaşov şanlı Azərbaycan Ordusu tərəfindən Vətən uğrunda canından keçən şəhidlərimizin qisaslarının alındığını, qanlarının yerdə qalmadığını qeyd edib. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımızın, eləcə də düşmən təxribatının qarşısını alan Yunis kimi qəhrəmanlarımızın heç vaxt unudulmayacağını söyləyib. Yunis Kazımov kimi oğullarımızın xalqımızın qürur, fəxr yeri olduğunu bir daha dilə gətirib. Yunis Kazımovun 44 günlük Vətən müharibəsində olduğu kimi, ötən ilin 12-13 senytabrında düşmən təxribatının qarşısını alarkən də əsl qəhrəmanlıq nümayiş etdirdiyini, şücaəti ilə adını tarixə yazdığını vurğulayıb.
Baş leytenant Kazımov Yunis Qasım oğlu 24 sentyabr 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbini bitirmişdir. Ali təhsillidir. 2011-2015-ci il tarixlərdə Azərbaycan Dövlət Aqrar Universitetində yol kadastrı ixtisasını bitirmişdir. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, rütbəsi baş leytenant olmuşdur. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində iştirak etmişdir. 4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə sol ayağından qəlpə yarası almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmış, Şuşa azad olunduqdan sonra müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Tovuz rayonunda hərbi hospitalda müalicəsini davam etdirmişdir. Xidmət etdiyi hərbi hissəyə qayıtmışdır.
12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. 1 övladı var.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Respublika Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı”, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Kəmərli kəndində adını əbədiləşdirən bulaq inşa olunub, dayanacaq qoyulub.