Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhid baş leytenant Yunis Kazımovun bu gün qırx mərasimi keçirilib

23 oktyabr 2022 | 15:15

2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid oldu.

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar. 

Oktyabrın 23-də qəhrəman şəhidlərimizin uğrunda canlarını fəda etdikləri torpağa tapşırıldıqları gündən qırx gün ötür. İgid Vətən oğulları hörmət və ehtiramla anılıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri,  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının qərargah rəisi, general-mayor Aqşin Məhərrəmov, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin qərargah rəisi, general-mayor Vüsal Sultanov, Çevik Hərəkət briqadasının komandiri, polkovnik Nəsib Mirzəyev, Dövlət Sərhəd Xidməti "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri, polkovnik Bəhmən Babayev igid Vətən oğlunun ailəsini ziyarət ediblər.

Milli Məclisin deputatı Adil Əliyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri də qəhrəman şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Qəhrəmanın ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyiblər.

Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığı, şanlı Azərbaycan Ordusu tərəfindən qisaslarının alındığı qeyd olunub. Yunis Kazımov kimi oğullarımızla xalqımızın qürur duyduğu bir daha dilə gətirilib. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımız, eləcə də düşmən təxribatının qarşısını alan Yunis kimi qəhrəmanlarımızın heç vaxt unudulmayacağı qeyd olunub. Yunis Kazımovun 44 günlük Vətən müharibəsində olduğu kimi, senytabrın 12-13-də düşmən təxribatının qarşısını alarkən də əsl qəhrəmanlıq nümayiş etdirdiyi, şücaəti ilə adını tarixə yazdığı qeyd edilib. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyi vurğulanıb.

Məlumat üçün qeyd edək ki, Kazımov Yunis Qasım oğlu 24 sentyabr 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbini bitirmişdir. Ali təhsillidir. 2011-2015-ci il tarixlərdə Azərbaycan Dövlət Aqrar Universitetində yol kadastrı ixtisasını bitirmişdir. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, rütbəsi baş leytenant olmuşdur. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində iştirak etmişdir. 4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə sol ayağından qəlpə yarası almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmış, Şuşa azad olunduqdan sonra müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Tovuz rayonunda hərbi hospitalda müalicəsini davam etdirmişdir. Xidmət etdiyi hərbi hissəyə qayıtmışdır. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcərdə düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. Ailəli idi. 1 övladı var. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

Keçidlər