Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda səhiyyə sahəsində çalışan bir qrup tibb işçisi peşə bayramları münasibətilə təltif olunublar

16 iyun 2023 | 19:15

Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. İyunun 17-si onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, Səhiyyə Nazirliyinin təşkil olunduğu tarix - iyunun 17-si ölkədə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax səhiyyəsində çalışan tibb işçilərinin də peşə bayramı qeyd edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə çalışan bir qrup tibb işçisini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə sahəsində uzun illər səmərəli fəaliyyətinə və əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiklərinə görə Fəxri Fərmanla təltif edib. Təqaüddə olan səhiyyə işçisi Məmmədov Kavı Zirəddin oğluna, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Mamedov Əmirxan Mərdan oğluna, Radiologiya şöbəsinin həkimi Quluyev Vidadi Akif oğluna, baş tibb bacısı Qocayeva Kəmalə Səfər qızına Fəxri Fərmanlar təqdim olunub.

İyunun 16-da “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova və səhiyyə işçiləri iştirak ediblər.

17 iyun həm də Vətən müharibəsinin qazaxlı şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun da cənnətdəki peşə bayramıdır. Əlamətdar gündə qəhrəman şəhidimiz də yad olunub. Keçdiyi döyüş yolunun, Vətənə, xalqına, həkimlik peşəsinə olan sevgisinin gələcək nəsillərə, xüsusilə də bugünkü gənc həkimlərə örnək olduğu vurğulanıb. Rayon Mərkəzi Xəstəxanasının qarşısında şəhidimizin adını əbədiləşdirən bulağın igid Vətən oğlunun əziz xatirəsinə olan ehtiramın bariz nümunəsi kimi qeyd olunub.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərk rayon rəhbərliyinin adından tədbir iştirakçılarını salamlayıb, rayonda çalışan tibb işçilərini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən danışıb. Ulu Öndərin Vətəninə, xalqına olan sevgisini, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün bu ilin bizim üçün ən böyük töhfə olduğunu bildirib. İllər ötsə belə qədirbilən Azərbaycan xalqının öz dahi rəhbərini, onun dövləti, xalqı qarşısında olan misilsiz xidmətlərini heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini diqqətə çatdırıb. Müavin bu il səhiyyə işçilərinin öz peşə bayramlarını əlamətdar bir ildə qeyd edəcəklərini söyləyib. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi qayğıdan söz açan müavin həmin qayğının, səmimi münasibətin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Dövlətin, ölkə rəhbərinin qayğısı sayəsində səhiyyə sahəsinin ildən-ilə inkişaf etdiyini söyləyib. Ölkəmizdə səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin ildən-ilə əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. Ölkə Prezidenti İlham Əliyevin səhiyyə sahəsində çalışan insanların əməyinə hər zaman yüksək qiymət verdiyini, hər il onlara fəxri adların, medalların verilməsi ilə bağlı Sərəncamlar imzaladığını qeyd edib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan müavin bunun əyani təzahürü olaraq ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 2020-ci ilin 3 martında istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə qazaxlıların, xüsusilə də səhiyyə sahəsində çalışan insanların ölkə başçısı İlham Əliyevə bu gün də minnətdarlıq etdiklərini söyləyib. G.Həsənova istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb. G.Həsənova çıxışının sonunda sağlamlığımızın keşiyində dayanan tibb işçilərini bir daha təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Bugünkü görüşü və təbriki onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib. Sabah öz peşə bayramlarını yüksək səviyyəli xəstəxanada qeyd etmələrinə görə dövlətimizə, ölkə başçısına minnətdar olduqlarını qeyd edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib.

Qazax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Sevda Həsənova çıxış edərək Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyevin 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə qazaxlı səhiyyə işçilərinə ünvanladığı təbrik məktubunu oxuyaraq, səmimi ürək sözlərini çatdırıb. Səhiyyə işçilərinə verdiyi dəyərə, təbrik məktubuna görə qazaxlı səhiyyə işçiləri adından razılığını ifadə edib.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər