Qazaxda “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib
Aprelin 9-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev, icra aparatının digər məsul şəxsləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Ətraf mühitin mühafizəsinin qiymətləndirilməsi sektoronun müdiri Mikayıl Cabbarov, həmin sektorun məsləhətçisi Emin Musayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suvarma tədqiqatları şöbəsinin müdiri Elman Rufullayev, Kənd Təsərrüfatı Nazirliyi Gəncə Regional Təlim Mərkəzində şöbə müdiri Əkbər Cabbarov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Asim Osmanov, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, Sudan İstifadəedənlər Birliklərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən söz açan birinci müavin təşkilatçılara və tədbirdə iştirak edən qonaqlara razılığını ifadə edib. M.Alıyev qeyd edib ki, son illər rayonda ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan beton üzlüklü, eləcə də torpaq məcralı suvarma arx və kanalların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. Birinci müavin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları və kənd sakinlərinin iştirakı ilə hər il rayonda mövcud olan beton üzlüklü, eləcə də torpaq məcralı suvarma arx və kanallarında təmizlik işlərinin aparıldığını diqqətə çatdırıb. Birinci müavin 2024-2025-ci illərdə 220,40 km-i texnika, 107,10 km-i əl əməyi ilə olmaqla, 327,50 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılmasının nəzərdə tutulduğunu söyləyib. Lakin nəzərdə tutulandan artıq olmaqla, 251,08 km-i texnika, 125,60 km-i əl əməyi ilə olmaqla, 376,68 km məsafədə təmizlik işlərinin həyata keçirildiyini bildirib. Ümumilikdə, son illər rayonda 1532,48 km-i texnika, 1444,83 km-i əl əməyi ilə olmaqla, 2977,31 km məsafədə təmizlik işlərinin aparıldığını vurğulayıb. Bundan əlavə, bu gün rayonda hər biri işlək vəziyyətdə olan 214 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirib. Birinci müavin həmçinin, əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması, mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, növbəlilik cədvəlinin tərtib olunduğunu, aidiyyəti qurumların əməkdaşlarının və icra hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə mütamədi olaraq reydlər təşkil edildiyini, qeyd edilən məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrin verildiyini diqqətə çatdırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsinin qiymətləndirilməsi sektoronun müdiri Mikayıl Cabbarov, həmin sektorun məsləhətçisi Emin Musayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suvarma tədqiqatları şöbəsinin müdiri Elman Rufullayev, Kənd Təsərrüfatı Nazirliyi Gəncə Regional Təlim Mərkəzində şöbə müdiri Əkbər Cabbarov çıxış edərək keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən söz açıblar. Bugünkü tədbirin təşkilində göstərilən dəstəyə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.
Çıxışlarda vurğulanıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələrinin, rayon icra hakimiyyətlərinin məsul işçilərinin, bələdiyyələrin, sudan istifadəedənlər birliklərinin, yerli icra nümayəndələrinin və fermerlərin iştirakı ilə keçirilən görüşlərdə şəhər və rayonlarda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq, sudan qənaətli və səmərəli istifadə, habelə mütərəqqi suvarma texnologiyaların tətbiqi, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması və bir sıra digər vacib məsələlər barədə su istehlakçılarının və kənd təsərrüfatı məhsulları istehsalçılarının maarifləndirilməsini həyata keçirməkdir.
Tədbirdə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamından, sözügedən həmin Sərəncamla təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”ndan, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” ölkə Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamından, həmin Sərəncamla təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”dan, mühüm sənədlərin icrasından, qarşıda duran vəzifələrdən söhbət açılıb.
Bildirilib ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” (bundan sonra – Milli Strategiya) Respublika Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020−2022-ci illər üçün Tədbirlər Planı”nın 2.4-cü bəndinə əsasən hazırlanmışdır. Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur. Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcəkdir.
2024−2027-ci illəri əhatə edən birinci mərhələdə su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcəkdir. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması təmin ediləcəkdir. 2028−2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcəkdir.
2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcəkdir.
Vurğulanib ki, Milli Strategiyada Respublika Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən olunmuş prioritetlərlə yanaşı, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”ndə nəzərdə tutulan “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” sahəsində məqsədləri əhatə edən hədəflər öz əksini tapmışdır.
Sonda iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırılıb və mövcud problemlər, onların aradan qaldırılması ilə bağlı təkliflər müzakirə edilib.