Qazaxda sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması istiqamətində maarifləndirici tədbir keçirilib
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Respublika Prezidentinin 15 aprel 2020-ci il tarixli 1986 nömrəli Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyanın yaradılmasında əsas məqsəd ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsidir. Komissiyanın 31-ci iclasının 7 nömrəli protokolunun Qərar hissəsinin 6-cı bəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC və “Azərsu” ASC tərəfindən aidiyyəti üzrə sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin məlumatlandırılması və maarifləndirməsi işlərinin daha da gücləndirilməsi tapşırılmışdır.
İyunun 7-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə sözügedən bəndin icrasını təmin etmək məqsədilə Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə işlərinin aparılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatın məsul əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsində məsləhətçi Mikayıl Cabbarov, Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Suvarma şöbəsinin müdiri Elman Rufullayev, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Tovuz Regional SuKanal İdarəsinin istehsalat şöbəsinin rəisi Çingiz Hüseynov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov, Qazax Rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) rəhbərləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. M.Alıyev hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bildirib. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən birinci müavin aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. M.Alıyev son illər Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsinin də inkişaf etdiyini diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi əvvəlki illərdə olduğu kimi, bu il də sudan qənaətlə istifadə olunmasının vacibliyini dərk edərək bu sahədə olan tədbirlərə əməli işlərimizlə dəstək olmaqdır. M.Alıyev qeyd edib ki, 2016-cı ildə əkin sahəsi 16520,6 hektar təşkil edirdisə, 2023-cü ildə bu rəqəm 20935,1 hektar nəzərdə tutulub. 5229,0 hektarda buğda, 6597,0 hektarda arpa, 1300 hektarda kartof, 7809,1 hektarda isə digər kənd təsərrüfatı bitkilərinin əkildiyini qeyd edib. M.Alıyev rayon ərazisində suvarılan torpaq sahəsinin 18911 hektar olduğunu bildirib. 18324 hektar torpaq sahəsinin arx və nasoslar, 587 hektar torpaq sahəsinin isə subartezian quyuları vasitəsilə suvarıldığını söyləyib. Hazırda rayonda 205 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu vurğulayıb.
M.Alıyev bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər bu sahənin daim diqqət mərkəzində saxlanması, hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizlənməsi sahəsində görülmüş işlərdən danışan birinci müavin statistik rəqəmləri diqqətə çatdırıb. 2016-2017-ci illərdə 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i əl əməyi ilə həyata keçirilib. 2017-2018-ci illərdə 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür ki, 151,43 km-i texnika, 151,01 km-i əl əməyi ilə aparılıb. 2018-2019-cu illərdə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla, 303,23 km məsafədə təmizlik işləri görülüb. 2019-2020-ci illərdə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla, 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2020-2021-ci illərdə işlər eyni qaydada həyata keçirilib. Bu məqsədlə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla, 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2021-2022-ci illərdə 347,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 163,30 km-nin texnika, 184,30 km-nin əl əməyi ilə həyata keçirildiyini bildirib. 2022-2023-cü illərdə 358,09 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 198,80 km-nin texnika, 159,29 km-nin əl əməyi ilə həyata keçirildiyini bildirib. Son 7 ildə 1051,70 km-i texnika, 1161,46 km-i əl əməyi ilə olmaqla, 2213,16 km məsafədə təmizlik işlərinin aparıldığını qeyd edib.
Birinci müavin əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Ən əsası da mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, növbəlilik cədvəlinin tərtib olunduğunu, kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Birinci müavin respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da sudan səmərəli istifadənin təmin olunması sahəsində məqsədyönlü işlər görüldüyünü vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Yerlərdə mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə operativ Qərargahın yaradılmasına dair” 5 iyul 2021-ci il tarixli 9-21/254 nömrəli, “Rayon ərazisində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, suvarma suyu ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə işçi qrupunun yaradılması barədə” 20 oktyabr 2022-ci il tarixli 9-21/349 nömrəli Sərəncamlar imzalandığını, sözügedən Sərəncamların icrası ilə əlaqədar müvafiq tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
Birinci müavin Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması məsələsinə də toxunub. Rayonun Aşağı və Orta Salahlı kəndlərində Kür çayının daşması nəticəsində sakinlərin əkin sahələrinə ziyan dəydiyini qeyd edərək sahilbərkitmə işlərinin aparılmasının vacibliyini bir daha qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsində məsləhətçi Mikayıl Cabbarov, Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Suvarma şöbəsinin müdiri Elman Rufullayev çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıblar. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Respublika Prezidentinin 15.04.2020-ci il tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılan Komissiyanın aidiyyəti qurumlar qarşısında öhdəliklər qoyduğunu, hər bir təşkilatın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər. Çıxışlarda sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən danışılıb. Müasir suvarma sistemlərindən istifadənin vacibliyi diqqətə çatdırılıb. Əhalinin bu sahədə maarifləndirilməsi istiqamətində görülməsi nəzərdə tutulan işlər müzakirə edilib. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.