Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Suverenlik: Keçmişin mirası, gələcəyin zəmanəti” adlı tədbir keçirilib

24 yanvar 2025 | 19:30

Yanvarın 24-də 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası və Qazax Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Suverenlik: Keçmişin mirası, gələcəyin zəmanəti” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masanın əsas məqsədi Azərbaycanın suverenlik anlayışına və onun tarixi əhəmiyyətinə diqqət çəkmək, bu mövzunun gənc nəsillər arasında daha dərindən dərk olunmasına nail olmaq idi.

Tədbiri Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən bəhs edib. O, qeyd edib ki, suverenlik anlayışı Azərbaycan xalqının milli mənlik şüurunun əsasını təşkil edir və tarix boyu xalqımızın müstəqillik uğrunda verdiyi qurbanlar, qazandığı uğurlar bunun əyani sübutudur.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, suverenliyimizə həsr olunmuş tədbirin tarix muzeyində təşkil olunmasına görə təşkilatçılara razılığını ifadə edib. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il Sərəncam imzaladığını, sözügedən sərəncamın mühüm əhəmiyyət daşıdığını qeyd edib. G.Alişanova vurğulayıb ki, Sərəncamda da qeyd edildiyi kimi “Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir... 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”. G.Alişanova bildirib ki, 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edəcəklər. Bu gün xalqımız, qazaxlılar Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirir, ərazi bütövlüyümüzün tam olması üçün atılmış uğurlu addımlardan hesab edirlər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. G.Quluyeva bildirib ki, dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır. Hər bir azərbaycanlı öz tarixini bilməlidir. Xüsusən də Rusiya imperiyasının “Parçala hökmranlıq et” şüarı altında həyata keçirdiyi müstəmləkə siyasətinin Azərbaycan xalqı üçün necə acı nəticələr verdiyini unutmamalıdır. Türkmənçay müqaviləsi Qarabağ faciəsinin başlanğıcıdır. Çünki Rusiya imperiyası bu müqavilədən sonra Azərbaycanın dilbər guşələri olan İrəvan, Qarabağ, Naxçıvan torpaqlarına 130 min erməni ailəsini İran ərazisindən köçürərək gətirmişdir. Bundan sonra çörəyimizi yeyib, torpağımıza göz dikən namərd düşmən zaman-zaman ərazilərimizi işğal etməyə başladı. Onlar məhz türk olduğumuz üçün, bilərəkdən düşünülmüş şəkildə bir əsrdə 3 dəfə - 1905-1906, 1918, 1992-ci illərdə xalqımıza qarşı soyqırımlar törətdilər. Unutmamalıyıq 1813-1828-ci illərdə Azərbaycanın ərazisi 410 min kv.km olmuşdur. Rus imperiyası Türkmənçay müqaviləsindən sonra 130 min kv.km öz imperiyasının tərkibinə qatdı, qalan 280 min. kv.km isə İran Qacarilərinin hakimiyyəti altında qaldı. 1918-ci il mayın 29-da 9 min. kv.km olan İrəvan xanlığının ərazisi Rusiyanın təzyiqi ilə ermənilərə verildi və Ermənistan Respublikası yaradıldı. Bu günün reallığında isə ermənilərin Azərbaycan xalqından qopardığı torpaqlar hesabına ərazisi 29 min kv.km olmuşdur. AXC qurulanda Azərbaycan dövlətinin ərazisi 114 min kv.km olmuşdur. 1920-ci il 28 Aprel istilasından sonra Sovet imperiyası torpaqlarımızı yenidən bölüşdürmüşdü. Göyçə, Zəngəzur, Dərələyəz, Dilican və qismən Şərur torpaqları Ermənistan Sovet Sosialist Respublikasının nəzarətinə keçmişdir. Bu ərazilərin birlikdə sahəsi 27,4 min.kv.km olubdur. 1920-1991-ci illərdə SSRİ hakimiyyəti altında olan Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi azalaraq 86,6 min. kv.km olmuşdur. 1923-cü ildə Rusiya Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaratmaqla sanki Azərbaycan ərazisinə bir bomba qoymuş oldu. Bu bomba nəhayət 1988-ci ildə partladı. Ermənilər Azərbaycan dövlətinə qarşı yenidən ərazi iddialarına başladılar. Bunun nəticəsi olaraq 1991-1994-cü illərdə Ermənistan tərəfindən 20% torpaqlarımız işğal edildi. 1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyularaq təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur. Ulu Öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etdi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Müasir dövrümüzdə Azərbaycan Respublikasının konstitusion dövlət kimi təşəkkül tapması, ölkədə ictimai-siyasi proseslərlə müşayiət olunan tarixi şərait bu müstəvidə fəaliyyət göstərən görkəmli siyasi liderlərin dinamik mübarizə xətti ilə bağlıdır. Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir. Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün itirilmiş torpaqlarımız geri qaytarıldı və o, cümlədən Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilərək ərazi bütövlüyümüz təmin olundu. 44 günlük müharibədən sonra növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Ölkə başçısının 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilir. Suveren dövlət - beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Dövlət başçısı İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bir dövlətin müstəqilliyi və onun suverenliyi əsas məsələlərdən biridir. Cənab Prezidentin dediyi kimi “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bizim üçün ən ali dəyərdir. Biz bu prinsipləri hər zaman qoruyacaq və müdafiə edəcəyik”. Bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından bəhs edirik. Bu günümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə Azərbaycanın uğurlarına görə kimə borclu olduğumuzu daha aydın şəkildə görür, bunu indiki və gələcək nəsillərə çatdırmağı qarşımıza əsas vəzifə kimi qoyuruq.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi Arzu Alıyeva, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri Ümid Əhməyev və Gülay İsgəndərova mövzu ətrafında çıxış ediblər.

Tədbirdə iştirakçılar tariximizə nəzər salaraq, suverenliyin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə müzakirələr aparıblar. Muzeyin əməkdaşları tarixi faktlarla bağlı maraqlı məlumatlar təqdim edib, Şura üzvləri isə mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda muzey əməkdaşları tərəfindən hazırlanmış xüsusi sərgiyə baxış keçirilib. Bələdçi tərəfindən muzeyin eksponatları və tarixi materiallar haqqında ətraflı məlumat verilib.

İştirakçılar bu cür tədbirlərin gənclərin maarifləndirilməsi və onların milli mənlik şüurunun formalaşması baxımından mühüm rol oynadığını qeyd edərək təşkilatçılara təşəkkür ediblər.

Bu tədbir, tarixi mirasımıza diqqət çəkməklə yanaşı, gələcək fəaliyyətlər üçün ilham mənbəyi kimi iştirakçılar üçün unudulmaz olub.

Keçidlər