Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda təhsil işçilərinin iştirakı ilə iclas keçirilib

26 may 2025 | 19:51

Mayın 26-da Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil işçilərinin iştirakı ilə iclas keçirilib.

Məktəbin akt zalında təşkil edilmiş iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri, psixoloqlar, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin rəhbərləri, müavinləri, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rəhbər şəxsləri iştirak ediblər.

İclasda iyunun 14-də respublikamızın bütün məktəblərində keçirilən "Son zəng" tədbirlərinin təşkilindən söz açılıb. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın fəaliyyətindən, məktəblərdə təhsil alan və eyni zamanda risk qrupunda olan (dərsə davamiyyəti zəif olan, dərs zamanı tədrisə mane olaraq müəllim və şagirdlərin fikrini yayındırmağa çalışan, sosial şəbəkələrdə qeyri-etik mövzularda paylaşımlar edən və s.) şagirdlərlə aparılması nəzərdə tutulan mübarizə tədbirlərindən danışılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə təhsil sahəsinə göstərdikləri qayğıdan danışıb. İcra başçısı həmin qayğının bariz nümunəsi olaraq son illər Qazax rayonunda yeni-yeni inşa olunan və yaxud da əsaslı şəkildə təmir edilən məktəbləri göstərib. Rayon rəhbəri qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. İcra başçısı bildirib ki, bugünkü iclasın əsas məqsədi respublikamızın bütün bölgələrində təşkil olunan “Son zəng” tədbirlərini yüksək səviyyədə həyata keçirmək üçün görüləcək işləri müzakirə etməkdir. Rayon rəhbəri "Son zəng" tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, həmin tədbirlərin məktəb daxilində keçirilməsi, bu tədbirlərin keçirilməsində təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı məktəb direktorlarına tapşırıq və tövsiyələrini verib. Rayon rəhbəri Qazax RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın fəaliyyətindən söz açaraq bu Komissiyanın əsas məqsədinin yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, onların hüquqlarını və qanuni mənafelərini qorumaq, davranışına nəzarət etmək, qanunazidd əməllərinin qarşısını almaq, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirmək olduğunu diqqətə çatdırıb. Məktəblərdə təhsil alan və eyni zamanda risk qrupunda olan (dərsə davamiyyəti zəif olan, dərs zamanı tədrisə mane olaraq müəllim və şagirdlərin fikrini yayındırmağa çalışan, sosial şəbəkələrdə qeyri-etik mövzularda paylaşımlar edən və s.) şagirdlərdə sağlam həyat tərzinin formalaşmasında müəllim kollektivi ilə yanaşı, valideynlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Məhz bu səbəbdən valideynlərin məktəblərlə əlaqəli şəkildə işləmələrini, daim övladlarının dərsə davamiyyətinə və asudə vaxtlarını hansı formada keçirmələrinə nəzarət etməli olduqlarını söyləyib. Bu baxımdan məktəblərdə müəllim-valideyn münasibətlərinin qurulmasının, mütəmadi olaraq valideyn iclaslarının təşkil edilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bu sahədə işlərin düzgün qurulmasını məktəb rəhbərlərinə tövsiyə edib.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev çıxış edərək bütün polis əməkdaşlarının, sahə rəislərinin “Son zəng” günü gücləndirilmiş iş rejimində çalışacaqlarını bildirib. S.Əsədov valideynlərlə, məktəbi bitirən məzunlarla maarifləndirici söhbətlər aparmağı, həmin gün hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün məktəb direktorlarına sahə rəisləri ilə əməkdaşlıq etməyi tövsiyə edib.

Çıxış edən digər natiqlər, məktəb direktorları mövzu ətrafında fikirlərini bölüşüb, təklif və tövsiyələrini səsləndiriblər.

Keçidlər