Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Tovuz döyüşlərinin qəhrəmanı şəhid mayor Namiq Əhmədovun ildönümündə xatirəsi yad olunub

14 iyul 2022 | 16:47
Doğma yurdunu, Vətənini uğrunda öləcək qədər sevən, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü üçün canını fəda edən igid oğullarımızdan biri də Yuxarı Salahlı kənd sakini, şəhid mayor Əhmədov Namiq Hajan oğludur. Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidliyi, qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Namiq Əhmədovun xatirəsi hər zaman əziz tutulur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Namiq Əhmədov bizim qəlbimizdə əbədi yaşayır.  

2020-ci ilin Tovuz döyüşləri zamanı ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucalan mayor Əhmədov Namiq Hajan oğlunun son mənzilə yola salındığı gündən 2 il ötür. Bu gün şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ildönümü qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin döyüş yoldaşları, komandiri olduğu heyətin əsgər və zabitləri, şəhid ailələri şəhidimizin ildönümündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid atası Hajan Əhmədova və ailə üzvlərinə bir daha başsağlığı verib, şəhidimizin ünvanına səmimi ürək sözlərini çatdırıb. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən də Namiq Əhmədovun qanının yerdə qalmadığını, qisasının alındığını, ölkə başçısının da söylədiyi kimi, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə layiqli cavablarının verildiyini vurğulayıb. Tarixi qələbəyə gedən yolun öz başlanğıcını Aprel və Tovuz döyüşlərindən götürdüyünü qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı zəfər tarixi yazaraq böyük Qələbə qazandığını, həmin qələbə ilə bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını bildirib. Namiq Əhmədov kimi oğullarımızla hər birimizin fəxr etdiyini, onların əziz xatirəsinin bundan sonra da daim yad olunacağını söyləyib. Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri qəhrəman şəhidimizin ölümündən sonra ordenlə təltif olunmasını Namiq Əhmədovun timsalında şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verilən dəyərin daha bir bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, mayorumuzun ordenə layiq görülməsi bütün şəhidlərimiz kimi Namiq Əhmədovun xatirəsinin də hər zaman əziz tutulması və daim qəlblərdə yaşaması deməkdir.

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Hajan Əhmədov şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Keçidlər