Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük ehtiramla yad edilib

10 may 2024 | 16:11

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Ulu Öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat və idarəetmə təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirib. Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsinin ucalığı illər ötdükcə daha aydın görünür.

Ulu Öndərin çox zəngin və mənalı ömrünün hər ayı, hər günü bir dastandır. Hər il mayın 10-da xalqımız dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının ildönümünü böyük ehtiramla qeyd edir, bu dahi insanla bağlı xatirələr bir daha dilə gəlir.

10 May! Təqvimdə bu tarixi gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür. Artıq 21 ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

Qürurverici olan isə odur ki, xalqımız öz Ulu Öndərinin anadan olmasının 101-ci ildönümünü fərqli ovqatla qeyd edir. Bu gün qürur duyuruq ona görə ki, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq niskilinə son qoyuldu. Biz doğma Qarabağımıza qovuşduq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

Bəli, Qarabağın düşmən tapdağından azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Bu müqəddəs arzu 2020-ci ilin noyabrında gerçəkliyə çevrildi. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli ordumuz 30 il davam edən işğala 44 gündə son qoydu. Eləcə də uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam oldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Yaranmış yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazaxın dörd kəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir. Hazırda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi başlayıb.

Doğurdan da bu gün Ulu Öndərin ruhu şaddır. Çünki düşmənin darmadağın etdiyi yurd yerlərimiz bərpa olunur, Qarabağa həyat yenidən qayıdır. Azərbaycan Prezidenti quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Azad olunmuş torpaqlarda aparılan möhtəşəm bərpa-quruculuq işlərinin təməlində Heydər Əliyevin ideyaları, inkişaf strategiyası dayanır.

Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabandakı möhtəşəm abidəsi əbədiyyət simvoluna və ziyarətgaha çevrilib. Hər il mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin abidəsi önündən keçərək onun əziz ruhu qarşısında baş əyir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Qazax rayonunda da silsilə tədbirlərlə geniş şəkildə qeyd edilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Ziyarət edənlər fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar. Mühazirələr oxunub, Ulu Öndərə həsr edilmiş filmlər təqdim edilib. Bundan əlavə, rayonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlər, kitab bayramı, idman yarışları, müsabiqələr keçirilib.

Mayın 10-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü böyük ehtiramla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin ildönümü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən stendlərlə, kitab və jurnallardan ibarət guşə ilə tanış olublar.

Keçidlər