Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə rayon turnirinin final mərhələsi keçirilib
Mayın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun tabeçiliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə rayon turnirinin final mərhələsi keçirilib. Turnirdə 60 nəfər idmançı iştirak edib.
Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən Vətən oğullarının, qəhrəman şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov idmançılarla görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edib, ünvanlarına səmimi ürək sözlərini səsləndirib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunduğunu, bugünkü turnirin də həmin tədbirlərin davamı olduğunu söyləyib. İdmançılarla səmimi söhbət edən icra başçısı bir daha onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev yarış iştirakçılarını salamlayaraq, Qazax rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilmiş silsilə tədbirlərin Dahi Rəhbərə olan hörmət və ehtiramın, sevgi və sədaqətin təcəssümü olduğunu bildirib. Rayon təşkilatının sədri Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən gənclərə və idmana göstərdiyi diqqət və qayğısından geniş bəhs edib. Bu gün respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin dəsti-xəttinin, siyasi kursunun əzmlə, qətiyyətlə, uğurla davam etdirilməsini xüsusilə vurğulayan A.Nəbiyev idmançılara uğurlar arzulayıb.
Sonda yeniyetmələr arasında keçirilən Yunan-Roma güləşi üzrə rayon turnirinin qalibləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif olunub. İdmançılarla xatirə şəkli çəkdirilib.