Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə abidəsi ziyarət olunub

10 may 2022 | 17:24

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz işləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Ulu Öndər Azərbaycanı dünyaya tanıdıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, üstəlik, dünya siyasətinin nəhənglərindən birinə çevirib. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev bütün dövrlərdə qüdrətli Azərbaycan uğrunda çalışıb. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaradıb, o, vətənpərvər cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Onun Azərbaycana rəhbərlik illəri tariximizdə milli intibah dövrü kimi əbədiləşib.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan Şuşada qürurla dalğalanmağa başladı. Bununla da “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçdi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Xalqımız böyük dövlət xadimi, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin doğurduğu sevinc hissi ilə qeyd edir.

Ümummilli Lider Heydər Əliyev qazaxlıların qəlbində də əbədi yaşayır. Dahi şəxsiyyətə olan hörmət və ehtiram bu gün də var, sabah da olacaq. Mayın 10-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü böyük ehtiramla yad edilib.

İdarə, müəssisə, təşkilat rəhbərləri, kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər, məktəblilər, rayon sakinləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar dahi şəxsiyyətin adını daşıyan parka gələrək abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Qazax Rayon Heydər Əliyev Mərkəzində fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi, stendlərlə tanış olub, Ulu Öndərə həsr edilmiş filmə baxıblar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə olan sonsuz hörmət və ehtiramlarını bildiriblər.

Keçidlər