Qazaxda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi və adını daşıyan mərkəz ziyarət olunub
Görkəmli dövlət və siyasi xadim, Vətəninə və xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş, Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə qədirbilən azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanmış xalqımızın Böyük oğlu Heydər Əliyevin vəfatından 19 il ötür.
Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsini təbliğ etmək hər birimizin borcudur. Xalqımızın qəlbində əbədi yaşayan dahi şəxsiyyətin xatirəsi hər zaman böyük hörmət və ehtiramla yad edilir.
Dekabrın 1-də Qazax Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının, Qazax Suvarma Sistemləri İdarəsinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun rəhbər və əməkdaşları, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsini və adını daşıyan mərkəzi ziyarət ediblər.
Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini anıblar. Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş Heydər Əliyevin zəngin və çoxşaxəli irsini, dahi liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya ediblər. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərən fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış film nümayiş etdirilib.
Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə məlumat verilib. Heydər Əliyevin keçdiyi ömür yolunun, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərinin qədirbilən xalqımız tərəfindən hər zaman minnətdarlıqla xatırlandığı vurğulanıb.