Qazaxda Ulu Öndər Heydər Əliyevin Anım Günündə əziz xatirəsi ehtiramla anılıb
Müasir, müstəqil, suveren Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla irəliləyir. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il keçir. Bu illər ərzində Azərbaycan Ulu Öndərin ideyalarının işıqlandırdığı yolla irəliləyərək əsrə bərabər inkişaf yolu qət edib, regionun qüdrətli dövlətlərindən birinə çevrilib. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi və uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu gün səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurların, möhtəşəm qələbələrin əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır. Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Bu gün Ümummilli Liderin vəfatından 22 il keçməsinə baxmayaraq Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi xalqımız unutmur. Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş, canlı əfsanəyə çevrilmiş ən böyük azərbaycanlıdır.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev Anım Günündə yad edilib. Ulu Öndərin Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən fotostendlərlə tanış olub, dahi şəxsiyyətə olan sonsuz sevgi və ehtiramlarını bildiriblər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igid Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.
Ümummilli Liderin Anım Günü münasibətilə təşkil olunmuş mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, millət vəkili Səməd Seyidovun köməkçisi Akif Əmirov iştirakçıları salamlayıb, dahi şəxsiyyətin həyat və fəaliyyəti, Azərbaycan dövləti və xalqı naminə göstərdiyi misilsiz xidmətlər barədə ətraflı danışıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək mərasim iştirakçılarını salamlayıb, Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan, xalqı, dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi saysız-hesabsız layihələrdən söz açıb. İcra başçısı qeyd edib ki, Azərbaycanın bugünkü möhtəşəm uğurları Ulu Öndərin əbədi ideyalarından qaynaqlanır. Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun parlaq ideyaları bu gün də Azərbaycanın inkişaf yolunu işıqlandırır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qlobal reallıqları ustalıqla nəzərə alaraq, Ulu Öndərin yolunu qətiyyətlə davam etdirir və ölkəmizi yeni zirvələrə daşıyır. Qlobal siyasətin mürəkkəb məqamlarına dərindən bələd olan, milli maraqları qətiyyətlə qoruyan Prezident İlham Əliyev titanik fəaliyyəti ilə Azərbaycanı güclü dövlətə və beynəlxalq arenada nüfuzlu söz sahibinə çevirib. Xalq öz Liderinə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində qazanılan möhtəşəm Zəfərdir. Azərbaycan Prezidenti quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir.
Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm çıxış edərək bildiriblər ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib. Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.







