Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib
Ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunub.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.
Aprelin 25-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə təşkilatçılığı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, Ərazi partiya təşkilatının sədrləri, partiya veteranları, şəhid ailələrinin üzvləri, YAP sıralarına yeni qəbul olunmuş üzvlər, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Ölkə Prezidentinin müvafiq sərəncamı 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu qeyd edən natiq əvvəlki əlamətdar illərdə olduğu kimi, bu ilin də yüksək səviyyədə qeyd olunduğunu, ilə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. A.Nəbiyev tarixi sınaqlardan hər zaman alnıaçıq, üzüağ çıxmış Azərbaycan xalqının bu gün müstəqil, suveren ölkənin vətəndaşları olaraq qürurla yaşadıqlarını və qalib dövlətə sahib olduqlarını vurğulayıb. Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına xalqımızın milli sərvəti olan suverenliyimizin bərpa olunduğunu, bütün ərazilərdə Konstitusiya qurluşunun bərqərar olunduğunu diqqətə çatdırıb. A.Nəbiyev bu il xalqımızın Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyini təntənə ilə qeyd edəcəyini söyləyib. Bu baxımdan 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Bu Sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər. İcra başçısı vurğulayıb ki, “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır. Suverenlik istənilən dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərti qismində çıxış edir. Dövlətin suverenliyi üçün ilk növbədə hüquqi-siyasi, sosial-iqtisadi fundament formalaşdırılmalıdır. Azərbaycana münasibətdə qeyd edilməlidir ki, 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin intibah dövrünə qədəm qoyması belə fundament rolunu oynadı. Belə ki, tarixi inkişafın sonrakı gedişatı bir daha sübut etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə müstəqil dövlətimizi qurmağa başlamışdı. Ötən əsrin 60-cı illərinin sonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkənin gələcək müstəqilliyinə etibarlı bünövrə formalaşdırmağa başladı. Məhz həmin dövrdə yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycan üçün çox mühüm rol oynadı. Rayon rəhbəri vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamında bununla bağlı qeyd edildiyi kimi, “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin iyirmi faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. Ermənistanda və işğal olunmuş torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, şəhər və kəndlərimiz viran edilmişdir. Lakin bu ərazilər otuz ilə yaxın müddət ərzində işğal altında qalsa da, hər zaman suveren Azərbaycan əraziləri olaraq tanınırdı. Bu dövrdə Azərbaycanın daxilində cərəyan edən mürəkkəb proseslər, vətəndaş qarşıdurmasının güclənməsi, anarxiya mühitinin dərinləşməsi, ən əsası isə ölkənin müstəqilliyi üçün təhdidlərin meydana çıxması onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev kimi güclü, prinsipial və iradəli lider xilas edə bilər. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyev Azərbaycanın fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu. Ulu Öndər Heydər Əliyev doğma Azərbaycanı xilas etmək naminə misilsiz fədakarlıq göstərmiş, ölkəmizi ictimai-siyasi pərakəndəlik və anarxiyadan xilas etmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində milli dövlətçilik ideyası realizə olundu, müasir müstəqil Azərbaycan dövləti möhkəmləndi. Dövlətimiz dahi liderinin rəhbərliyi altında tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Qeyd edilməlidir ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir. 1990-cı illərin əvvəllərində SSRİ-dən miras qalmış hüquq sistemi və qanunvericilik bazası hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə lazımi təminat vermirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və ilk növbədə ölkənin yeni Konstitusiyasının qəbul edilməsi artıq mütləq idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə mövcud olan xaos və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda, vahid siyasi iradənin olmaması, dövlət müstəqilliyi üçün təhdidlərin mövcud olması bu mühüm vəzifənin həyata keçirilməsini qeyri-mümkün etmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu. Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı və Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Ümummilli Lider Heydər Əliyev Konstitusiya Komissiyasının fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini vermiş, Konstitusiyanın müddəalarını şəxsən nəzərdən keçirmiş, bu ali sənədin layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbul edilməsini təmin etmək üçün gərgin əmək sərf etmişdir. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev qəbul ediləcək yeni Konstitusiyanın məqsədləri, qaynaqları və mahiyyətinə aydınlıq gətirərək ölkə Konstitusiyası barədə belə söyləmişdir: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Ulu Öndər Heydər Əliyevin çıxışlarında qeyd edilən bu vacib konseptual məqamlar mahiyyət etibarilə hüquqi dövlət quruculuğu prosesində ilkin təməl rolunu oynadı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. 12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının qürur mənbəyidir. Bununla bağlı Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində qeyd etmişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdə davam etdi. Belə ki, 2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyət olmaqla, Azərbaycanın bütün sərhədləri boyunca suveren hakimiyyətinin və nəzarətinin təmin edilməsi demək idi. Dövlətimizin İkinci Qarabağ müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən törədilən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirildi. Belə ki, Azərbaycan Ordusunun mövqeləri sistemli şəkildə atəşə tutulmuş, ərazilərimizin minalanması davam etdirilmişdir. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı. 24 saatdan az müddətdə davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da, Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu tarix milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. İcra başçısı bildirib ki, 2024-cü ilin may ayında daha bir olduqca mühüm əhəmiyyət kəsb edən, əlamətdar və tarixi hadisə baş verdi. Belə ki, məlum olduğu kimi, 2024-cü il mayın 24-də Qazax rayonunun dörd kəndinin Azərbaycana geri qaytarılması prosesi uğurla başa çatdırıldı. Dörd kəndin dinc yolla geri qaytarılması istisnasız olaraq dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsidir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sərəncamda qeyd edildiyi kimi, “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddəada təsbit edilən prinsiplər tam şəkildə təmin olunub. Əminliklə bildirmək olar ki, Respublika Prezidenti İlham Əliyevin imzaladığı bu Sərəncam dövlətimizin gələcək inkişafı və eyni zamanda, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Respublikamızda “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi Azərbaycan dövləti üçün yeni inkişaf mərhələsinin başlaması istiqamətində önəmli addım olmaqla, ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacaqdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. Bu ərazilərdə konstitusiya hüquqlarının tətbiq və təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Əhalinin hüquq və azadlıqlarının müdafiəsi onların sosial və digər vacib xidmətlərlə təmin olunması, eyni zamanda, bütövlükdə iqtisadi inkişaf üçün zəruri hüquqi şərait yaradır. Azərbaycanın əsil müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasını Ulu Öndər Heydər Əliyevin başladaraq həyata keçirdiyi və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs təmin etdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanaraq, Azərbaycanın milli suverenliyini bütün dünyaya vüqarla bəyan etməkdədir. Azəraycanın müstəqilliyi daimidir və sarsılmazdır. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə heç bir qüvvə təhdid yarada bilməz.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Millət vəkili Səməd Seyidov “Konstitusiya və Suverenlik İli”nin şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, dəmir yumuruğu sayəsində əldə olunmuş ən gözəl nemət olduğunu qeyd edib. Xalq olaraq müstəqilliyimizi və suverenliyimizi əbədi qorumalı olduğumuzu diqqətə çatdıraraq, gələcək nəsillərə ötürmək üçün bu cür tədbirlərin keçirilməsinin davamlı olmasını bildirib. Millət vəkili S.Seyidov 1995-ci ilin 12 noyabrında xalqın iradəsi ilə qəbul olunmuş Konstitusiyamızın dövlətimizin ali sənədi kimi xalqımızın, dövlətimizin maraqlarına, mənafeyinə xidmət etdiyini, ən yüksək səviyyədə işlək vəziyyətdə olan bir sənəd olduğunu vurğulayıb. Millət vəkili Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin, qəbul etdiyi sənədlərin, verdiyi qərarların bu gün də uğurla icra olunduğunu, dahi rəhbərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. “Bu gün həmin uğurlu siyasətin davamıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı, doğma Qarabağımızı, Şuşamızı, Xankəndi, Xocalımızı, eləcə də Qazaxın 4 kəndini azad etdi, bu gün o torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, öz torpağına, ərazisinə, gələcəyinə özü imza çəkir. Bu imzanın müəllifi Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevdir. Qanla qazanılımş müstəqilliyimiz və suverenliyimiz əbədidir”, - söyləyən millət vəkili buna görə bir daha şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirərək igid Vətən oğullarını ehtiramla anıb.
Vətən müharibəsi şəhidi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək səmimi ürək sözlərini bölüşüb. “Xalq olaraq bizim konstitusion hüquqlarımız pozulmuşdu, torpaqlarımız düşmən tapdağında idi. Şəhidlərimizin qanı ilə suvarılmış həmin torpaqlarımız artıq 5 ildir ki, yağı düşməndən azad olunub, üçrəngli bayrağımız o torpaqlarda dalğalanır. Azad olunmuş ərazilərimizdə abadlıq işləri aparılır, həyat yenidən bərpa olunur, məcburi köçkünlərimiz doğma yurdlarına qayıdır”, - söyləyən şəhid atası bütün bunlara görə qürurlandığını dilə gətirib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Sücayət Mahmudova tədbir iştirakçılarını salamlayaraq xalqımızın öz suveren hüquqları və müstəqil dövlətini yaratmaq üçün çox çətin zamanlardan keçdiyini, bu yolun heç vaxt hamar olmadığını söyləyib. Gənc çıxışçı Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyamızın təkcə qanunlar toplusu deyil, eyni zamanda, xalqımızın iradəsi, milli məfkurəsi və dövlətin quruculuğu yolundakı qətiyyətini əks etdirən müqəddəs sənəd olduğunu qeyd edib. Sözügedən Konstitusiyanın dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın mənafeyinin qorunması sahəsində mühüm qanunvericilik bazası rolunu oynadığını söyləyib. Gənc çıxışçı da öz növbəsində suverenliyimizin tam bərpa olunmasına görə Müzəffər Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, Vətənin keşiyində dayanan əsgərlərimizə borclu olduğumuzu dilə gətirib.
Partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm çıxış edərək tədbir iştirakçılarını salamlayıb, müstəqilliyimizin, suverenliyimizin, Konstitusiya quruluşumuzun əbədi, dönməz olması üçün danılmaz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeirlə tədbirə rəng qatıb.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri şeirlər səsləndiriblər.
Tədbirdə ən fəal partiya üzvləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar.
Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya üzvlük vəsiqəsi təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.