Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş fləşmob keçirilib
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Və bu gün hər birimiz fəxrlə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Qürurla söyləyirik ki, illər ötsə, qərinələr bir-birini əvəz etsə belə xalqımız Dahi oğlunu Azərbaycanın tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Mayın 18-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurası, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş fləşmob keçirilib.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda 1400 nəfərin iştirakı ilə reallaşan fləşmobda “HEYDƏR ƏLİYEV - 100” sözü və Azərbaycan xəritəsi təsvir edilib.
Fləşmobda Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları da gənclərin təşkil etdiyi fləşmobu izləyiblər. Gənclərlə görüşən rayon rəhbərliyi nümunəvi təşəbbüslərinə görə razılığını bildirib.
Tədbirdə Ulu Öndərə, Vətənə, doğma Azərbaycana həsr olunmuş manhılar səsləndirilib. Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəqs nümunələri izlənilib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin VII sinif şagirdlərindən ibarət xor qrupunun mahnı töhfələri dinlənilib.
Sonda xatirə şəkilləri çəkdirilib.