Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib
10 may müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Bu gün xalqımız dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətdir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. Əminliklə demək olar ki, onun böyüklüyü öz xalqı və dövləti üçün gördüyü misilsiz işlərdə bilavasitə əksini tapıb. Ümummilli Lider tutduğu vəzifədən və şəraitdən asılı olmayaraq, ən mürəkkəb məsələlərin məsuliyyətini üzərinə götürərək onların yüksək səviyyədə həllinə nail olmuşdur.
Müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
Mayın 10-da “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov, köməkçisi Akif Əmirov, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, şəhid ailələri, müharibə əlilləri, YAP fəalları və İlk partiya təşkilatlarının sədrləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Sonra tədbir iştirakçıları Qazax Gənclər Evinin foyesində Ulu Öndər Heydər Əliyevin Qazax rayonuna səfərlərini özündə əks etdirən foto-sərgiyə baxış keçiriblər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı səmimi ürək sözlərini və təbriklərini bölüşüb. İcra başçısı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunduğunu, "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda keçirilən tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O, isə öz həyatını doğma Azərbaycan xalqına həsr etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. İcra başçısı bildirib ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamız sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb.
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
Ulu Öndər xalqın yaradıcılıq enerjisini vahid məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində gələcəyə hesablanmış qətiyyətli addımlar atır, mühüm qərarlar qəbul edirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan dilinin əhəmiyyəti artmış, milli dövlətçilik düşüncəsi, təhsilin, mədəniyyətin yüksəlişi təmin edilmişdi. Məhz bu prinsiplərin fövqündə milli ideologiyamızın əsası olan azərbaycançılıq formalaşdı. Azərbaycançılıq ideologiyası istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşmışdır. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasında azərbaycançılıq təlimi ön plana çəkilmişdir. Məhz bunun sayəsində milli ruh canlanır, özünüdərk və soy-kökə qayıdış təmin edilir, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşları qoyulur, azadlıq və müstəqillik duyğuları milli düşüncədə üstünlük təşkil etməyə başlayır. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, sivilizasiyaların qovşağında Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir.
İcra başçısı bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Rayon rəhbəri vurğulayıb ki, Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev 1993-cü ilin 15 iyununda ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
İcra başçısı bildirib ki, bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. İcra başçısı bildirib ki, regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.