Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında idmanın ağırlıqqaldırma növü üzrə region birinciliyi keçirilib

21 oktyabr 2023 | 17:00

Oktyabrın 21-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 2008-2011-ci il təvəllüdlü uşaq və yeniyetmələr arasında idmanın ağırlıqqaldırma növü üzrə region birinciliyi keçirilib.    

Qazax Olimpiya İdman Kompleksində keçirilən birinciliyə Qazax, Ağstafa və Tovuz rayonlarından 54 nəfər idmançı qatılıb. Qızlar 40,45,49,55.59, oğlanlar isə 40,44,49,55,61,67,73,81,89,+89 kq çəki dərəcələrində mübarizə aparıblar. Birincilikdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbində, Ağstafa rayonunda fəaliyyət göstərən “Göyəzən” ağır atletika idman klubunda, Tovuz rayonunda fəaliyyət göstərən “Uğur” ağır atletika idman klubunda məşğul olan idmançılar öz güclərini sınayıblar.

Birinciliyin təntənəli açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Sərhədçi İdman Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, İdarənin İdman sektorunun müdiri Sahib Namazov,  veteran idmançılar, ağsaqqallar, Bakı Dövlət Unversitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, gənclər, KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə birinciliyə start verilib.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Sahib Namazov çıxış edərək təşkil olunmuş birincliyin əhəmiyyətindən söz açıb, bugünkü idman yarışının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu qeyd edərək idmançılara uğurlar arzulayıb. 1-10 iyul 2023-cü il tarixlərdə Moldovanın paytaxtı Kişinyov şəhərində 15-17 yaşa qədər idmançılar arasında keçirilmiş Ağırlıqqaldırma idman növü üzrə Avropa birinciliyində Azərbaycanın 8-i qızıl, 4-ü gümüş, 2-si bürünc olmaqla, 14 medal qazandığını, həmin 14 medaldan 5-i qızıl, 4 gümüş olmaqla, 9-nu qazaxlı idmançıların əldə etdiklərini bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb, idmançılara uğurlar arzulayıb. İcra başçısı öncə həmyerlilərimiz Kamran Nəbizadəni Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti, Firdovsi Umudovu Federasiyanın vitse-prezidenti seçilmələri münasibətilə bir daha təbrik edib, xoş arzularını çatdıraraq gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı 2023-cü ilin xalqımız və dövlətimiz üçün əlamətdar bir il olduğunu dilə gətirərək bu ilin hər bir ölkə vətəndaşı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndərin 100 illik yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini, bugünkü birinciliyin də həmin tədbirlərin davamı olduğunu söyləyib. Rayon rəhbəri Ulu Öndərin fəaliyyəti dövründə idmanın inkişafı naminə misilsiz xidmətlər göstərdiyini, idmançılara daim qayğı ilə yanaşdığını qeyd edib. İcra başçısı Ulu Öndərin idman siyasətinin bu gün Onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkə başçısının və Birinci vitse-prezidentin idman sahəsinə, idmançılara göstərdikləri qayğının bu gün hər kəsə nümunə olduğunu söyləyib. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, bu gün qürurverici haldır ki, Qazax idmançıları idmanın ağırlıqqaldırma növündə də adlarını tarixə yazdıra bildilər. Yarış iştirakçılarının ünvanına səmimi ürək sözlərini çatdıran icra başçısı sonda bir daha onlara gərgin idman mübarizəsində uğurlar arzulayıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək yarış iştirakçılarını Federasiyanın prezidenti Kamran Nəbizadənin adından salamlayıb, səmimi təbriklərini çatdırıb, uğurlar arzulayıb. Bugünkü birinciliyin keçirilməsinə görə təşkilatçılara razılığını ifadə edən F.Umudov bu cür yarışların idmançıların inkişaf etməsində mühüm rol oynadığını bildirib. Federasiya rəhbərliyi olaraq istər Qazaxda, istərsə də respublikamızın digər bölgələrində idmanın ağırlıqqaldırma növünün inkişaf etdirilməsi üçün qarşıya böyük məqsədlər qoyulduğunu, bu istiqamətdə lazımi addımlar atılacağını diqqətə çatdırıb. F.Umudov idmançılara Prezident İlham Əliyevin idman sahəsinə, idmançılara olan qayğısını, onlara olan etimadı qazandıqları nailiyyətlərlə doğrultmalarını tövsiyə edib.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək idmançıları salamlayıb, onlara uğurlar arzulayıb. Ə.Məsmalıyev Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə, idmanına qayğı göstərdiyini bildirib. Ölkə başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu, bu il çərçivəsində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tədbirlər Planına uyğun olaraq silsilə idman yarışlarının keçirildiyini, bugünkü birinciliyin də həmin tədbirlərin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Sonra yarışa start verilib. Müxtəlif çəki dərəcələrində qalib olan idmançılara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən Diplom və medallar təqdim olunub.

Keçidlər