Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Dahilər ölmürlər, əbədiyyətə qovuşurlar!” mövzusunda tədbir keçirilib

11 dekabr 2023 | 18:42

Dekabrın 11-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dahilər ölmürlər, əbədiyyətə qovuşurlar!” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, YAP Qazax Rayon Təşkilatı Ərazi partiya təşkilatlarının sədrləri, müavinləri, fəalları və veteranları, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasını Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük töhfə olduğunu bildirib. Rayon rəhbəri respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 150-dən artıq silsilə tədbirlər keçirildiyini qeyd edib. İcra başçısı Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982, 1982-1987, 1987-1993, 1993-2003-cü illərdə ölkəmizdə bütün sahələrin inkişaf etdiyini, dövlətimizin güclənməsi, qüdrətlənməsi naminə uğurlu islahatların həyata keçirildiyini, qısa bir vaxtda Azərbaycanda sənayenin, aqrar sahənin, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, eləcə də bir çox sahələrin inkişafına nail olunduğunu vurğulayıb. Ulu Öndərin hakimiyyətə gəlişi ilə qısa müddətdə ölkədə inkişafın, tərəqqinin hökm sürdüyünü söyləyib. Rayon rəhbəri bildirib ki, siyasi iradənin təcəssümü olan 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Rayon rəhbəri qeyd edib ki, xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. İcra başçısı bildirib ki, yeni iqtisadi inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi” də Ulu Öndərin adı ilə bağlıdır. “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev söylədiyi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır” sözlərinin real əməldə şahidi oluruq. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar bu gün də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Ordusu yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir.  Bunun nəticəsidir ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrnda başlayan İkinci Qarabağ müharibəsində, 44 günlük haqq savaşında tarixi zəfər qazandı. Bu qələbənin baş memarı isə illər öncə güclü Azərbaycan ordusunun əsasını qoyan Ümummilli Lider Heydər Əliyevdir. Bu gün fəxrlə deyə bilərik ki, uzaqgörən tarixi şəxsiyyətin hələ 2002-ci ildə dediyi “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir” fikri real həyat həqiqətinə çevrildi. Prezident İlham Əliyevin dəmir siyasətinin nəticəsində biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Bütün bu uğurlar Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, ordumuzun gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsidir. Ulu Öndər deyirdi: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”. İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin söylədiyi kimi, "Biz bundan sonra da qürur hissi ilə yaşayacağıq, müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi". İcra başçısı sonda bir daha diqqətə çatdırıb ki, nə qədər Azərbaycan dövləti var, Azərbaycan xalqı var Ulu Öndər Heydər Əliyev daim ən ülvi məhəbbətlə, hörmət və ehtiramla yad olunacaq, anılacaq. Anım günündən 20 il ötməsinə baxmayaraq Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını təşkilatın üzvləri adından salamlayıb, bugünkü tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd edib. “Hər bir xalqın özünəməxsus dahiləri, liderləri, görkəmli şəxsiyyətləri olur. Ümmmilli lİder tək Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük oğludur. Azərbaycan tarixinin elə bir səhifəsi yoxdur ki, orada Ümummilli Lider öz səhifəsini yazmamış olsun”, - deyən A.Nəbiyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu Sərəncam bizə imkan verir ki, biz Ümummilli Lider, dahi rəhbər Heydər Əliyevin şərəfli və mənalı ömrünü, onun misilsiz xidmətlərini, titanik fəaliyyətini daha dərindən öyrənək, mənimsəyək, təbliğ edək, gənclərə aşılayaq. Eyni zamanda, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müdrik Azərbaycan xalqının öz böyük oğluna, dahi rəhbərinə olan hörmət və ehtiramının, sevgi və sədaqətinin təzahürüdür. A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin sözünün çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı bacaran, zəngin dövlətçilik və idarəçilik qabiliyyətinə malik olan, tarixdə iz qoymağı bacaran dahi bir lider olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyev xalqını nə qədər sevirdisə, Azərbaycan xalqı da onu o qədər sevir və inanırdı. A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982, 1982-1987, 1987-1993, 1993-2003-cü illərdə ölkəmizdə bütün sahələrin inkişaf etdiyini vurğulayıb. “Ulu Öndər Heydər Əliyev həm də Yeni Azərbaycan Partiyasının quucusu və memarıdır”, - deyən A.Nəbiyev vurğulayıb ki, ölkədə gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup (məşhur ”91-lər”) Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin səsləndirdiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini xatırladan natiq bu gün sözün əsl mənasında bunun əyani şahidi olduğumuzu söyləyib. A.Nəbiyev qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, bütöv Azərbaycanı görmək idi. Bu gün qürur və fəxrlə deyə bilərik ki, dahi rəhbərin arzusu gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı və işğalda olan torpaqlarımız azadlığına qovuşdu. A.Nəbiyev bu şanlı zəfərə görə canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, hərbçilərimizə, Müzəffər Ali Baş Komandana borclu və minnətdar olduğumuzu qeyd edib. Sentybarın 19-dan etibarən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən söz açan A.Nəbiyev antiterror tədbirləri nəticəsində bizim hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib.  Antiterror tədbirləri zamanı əldə edilən uğurlu nəticələrin Azərbaycanın növbəti qələbəsi olduğunu söyləyib. A.Nəbiyev Ulu Öndərin söylədiyi “Nə qədər Azərbaycan var, mən də varam. Mən Azərbaycanda əbədi olacağam” fikrini səsləndirərək qeyd edib ki, Azərbaycana hansı tərəfdən baxsaq, orada Ulu Öndərin dəstt-xəttini, onun misilsiz xidmətlərini, silinməz izlərini görürük.

Partiya veteranı Bəsti Ələkbərova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Ulu Öndərin anım günü ilə bağlı xatirələrini bölüşən B.Ələkbərova bir qrup rayon ziyalısı ilə dahi rəhbərin anım mərasimində iştirak etdiyini, 20 il ötməsinə baxmayaraq həmin gün yaşananları olduğu kimi xatırladığını, dahi şəxsiyyətin böyük izdihamla dəfn olunduğunu söyləyib. Ulu Öndərin hər bir azərbaycanlının qəlbində əbədi yaşadığını, illər ötsə belə dərin ehtiramla anıldığını qeyd edib. Ulu Öndərin təhsil sahəsindəki xidmətlərindən söz açan B.Ələkbərova uzun müddət təhsil sahəsində çalışan insan kimi Onun bu xidmətlərini unutmadığını söyləyib. Azərbaycan qadınlarına verdiyi dəyəri yüksək qiymətləndirdiyini vurğulayıb. İllər keçdikcə dahi rəhbərin, böyük insanın xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin daim öyrəniləcəyini və gələcək nəsillərə ötürüləcəyini bildirib.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Gülnar Səmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. G.Səmədova “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” söyləyən dahi rəhbərin bu kəlamının illər keçsə də hər bir azərbaycanlının qəlbində səsləndiyini qeyd edib. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Ulu Öndər xarizması hər kəsə nümunədir. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

Partiya veteranı Fərhad Qocamanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. F.Qocamanov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan dövləti və xalqı naminə həyata keçirdiyi işlərdən, misilsiz xidmətlərdən danışıb. Bu gün Azərbaycan xalqı olaraq müasir müstəqil dövlətimizin var olmasına görə Ulu Öndərə borclu və minnətdar olduğumuzu söyləyib.

Partiya fəalı, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. G.Alişanova bildirib ki, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da olduqca mühüm əhəmiyyətə malik idi. Azərbaycan dilinin adını özümüzə qaytarmış Ümummilli Liderin bu sahədə xidmətləri danılmazdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərara gəlincə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Nə qədər Azərbaycan dövləti var, Azərbaycan xalqı var Ulu Öndər Heydər Əliyev daim hörmət və ehtiramla yad olunacaq.

Partiya veteranı, AYB-nin üzvü, şair, Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımlı çıxış edərək Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeiri səsləndirib, dahi şəxsiyyətin fəaliyyətinin hər anının bir tarix olduğunu söyləyib.

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Keçidlər