Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda ümumtəhsil məktəblərin 2, 5 və 6-cı sinif rəhbərlərinin iştirakı ilə metodiki toplanış keçirilib

04 sentyabr 2023 | 15:46

Sentyabrın 4-də Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi Mülki müdafiə idarəsinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərin 2, 5 və 6-cı sinif rəhbərləri üçün metodiki toplanış keçirilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, FHN Gəncə Regional Mərkəzi Mülki müdafiə idarəsinin rəisi polkovnik-leytenant Rauf Abbasov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda baş məsləhətçi Əziz Məmmədov, rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərin 2, 5 və 6-cı sinif rəhbərləri, FHN Gəncə Regional Mərkəzi Mülki müdafiə idarəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Hümbətov Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu qeyd edərək bu ilin bizim üçün tarixi əhəmiyyət daşıdığını bildirib. Dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin tarixində əvəzsiz rolundan danışan A.Hümbətov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb. Ulu Öndərin bu sahədə olan xidmətlərinin, işlərinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini söyləyib.

FHN Gəncə Regional Mərkəzi Mülki müdafiə idarəsinin rəisi polkovnik-leytenant Rauf Abbasov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yaradılan şəraitə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Tədbirin əhəmiyyətindən söz açaraq müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsinin baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması üçün əlverişli üsul hesab olunmasının, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyaları və rabitə vasitələrinin rolunun vacibliyini bildirib. Təşkil olunmuş tədbirin əsas məqsədinin iştirakçıların diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəltmək olduğunu söyləyib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda baş məsləhətçi Əziz Məmmədov mövzu ətrafında çıxış edərək fikirlərini bölüşüb. Vacib bir məsələyə həsr olunmuş tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Sonra keçiriləcək mövzular üzrə çıxışlar olub. Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi polkovnik-leytenant Bəhayi Nəsirov “FHN-nin əhalinin mühafizəsində rolu. Mülki müdafiənin məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolu”, şöbənin baş zabitləri kapitan Rəşad Abdullayev, baş leytenant Allahverdi Abdullayev “Respublika ərazisində (şəhər, rayon) baş verə biləcək fövqəladə hallar və onlardan mühafizə tədbirləri”, mayor Feyruz İsmayılov “Düşmən hücumu təhlükəsi yaranarkən, habelə qəza və təbii fəlakətlər zamanı şagirdlərin fəaliyyəti”, baş leytenant Musa Hüseynov “Radiasiya-kimyadan mühafizə tədbirləri. Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları”, Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi mayor Fuad Muradov, Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti baş leytenant Elçin Məmmədov “Kollektiv mühafizə qurğuları və onlardan istifadə qaydaları”, Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, mayor Etibar Məmmədov, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Təcili tibbi yardım bölməsi üzrə həkimi Omar Qasımov “Sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərmək qaydaları” mövzularında çıxış ediblər.

Tədbirdə mövzuya həsr olunmuş slayd nümayiş etdirilib. Sinif rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.

Keçidlər