Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Uşaq İncəsənət Festivalının birinci mərhələsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

02 may 2025 | 19:49

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə respublikamızda istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəslə ötürmək məqsədilə keçirilən Uşaq İncəsənət Festivalının 1-ci turu – rayon mərhələsi 29 aprel 2025-ci il tarixdə yekunlaşıb.

Mayın 2-də Qazax rayon Mədəniyyət Mərkəzinin qarşısında rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə iştirakı və təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalının 1-ci turuna - rayon mərhələsinin yekunlarına həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi v.i.e. Səbuhi Xasməmmədov, Regional İdarənin əməkdaşları, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, Uşaq İncəsənət Festivalının seçim mərhələsinin iştirakçıları və məktəblilər iştirak ediblər.

Tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə, mədəniyyət işçilərinə göstərdiklərini qayğını, onlarla olan görüşləri özündə əks etdirən fotolardan ibarət sərgi iştirakçılara təqdim olunub, Mərkəzin əməkdaşlarının hazırladıqları əl işləri nümayiş etdirilib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab sərgisi, Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi, Mədəniyyət Mərkəzinin əməkdaşlarının əl işlərindən ibarət sərgi, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssislərinin rayonumuzun qədim tarixini, məişətini əks etdirən sərgiləri nümayiş olunub. Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında Azərbaycanın şair və mütəfəkkirlərinin obrazları canlandırılıb.

Tədbirə gələn qonaqlar yaradılan rəngarəng guşələrlə tanış olduqdan sonra Qazax şəhər 1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin aşıqlar, nağaraçalanlar, xor  kollektivlərinin, xalq çalğı alətləri ansambllarının çıxışlarını dinləyiblər. 

Tovuz rayonundan dəvət olunmuş musiqiçinin nəlbəkidə ifası, Qazax rayon Mədəniyyət  Mərkəzinin “Buta“ və Ağstafa rayonundan dəvət olunmuş rəqs qruplarının ifa etdikləri  maraqlı rəqslər qonaqlarda, tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Daha sonra tədbir Ədəbiyyat Muzeyində təşkil olunmuş “Ustad dərsləri” ilə davam etdirilib.  Muzeydə Qazax və Ağstafa şəhər Uşaq Musiqi Məktəblərinin saz sinfinin şagirdləri ilə  ustad dərsləri keçirilib, bir-birindən maraqlı, şən aşıq və el havaları ifa olunub.

Keçidlər