Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümü qeyd olunub

28 sentyabr 2022 | 20:00

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsini, həmin müharibədə şanlı Ordumuzun göstərdiyi qəhrəmanlığı bu gün də böyük qürur hissi ilə xatırlayır. 2 il əvvəl dövlət və xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacaq.

İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də gizir Abdullayev Sərxan Elxan oğludur. 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman şəhidimizin yoxluğundan artıq 2 il ötür.

Sentyabrın 28-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ildönümü qeyd olunub.  

İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Şəhidimizin ata ocağında ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə Sərxan kimi qəhrəman oğullarımızın hərb tariximizdə şanlı salnamə yazdıqlarını bildirib. İllər ötsə belə Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin, xalqımızın 30 illik yurd həsrətinə son qoyan igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin heç zaman unudulmayacağını bildirib. İllər keçsə də Sərxan tək igid oğullarımızın, onların keçdikləri döyüş yollarının gələcək nəsillərə örnək olacağını qeyd edib. "Şəhid ailələrinin qayğıya, diqqətə ehtiyacı vardır. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır”, - deyən icra başçısı Qazaxda bu amilin hər zaman ön planda olduğunu qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov şəhidimizə rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının sırasında dayanan Sərxanın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin qürur duyduğunu vurğulayıb. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib. Millət vəkili bu gün şəhidimizin ildönümündə iştirak etməyi, əziz xatirəsini yad etməyi özünə borc bildiyini qeyd edib. Hər zaman şəhid ailələrinin, qazilərin yanında olduğunu, bundan sonra da olacağını vurğulayıb.

Şəhid atası Elxan Abdullayev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, millət vəkilinə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladı və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.

O, 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən igid Vətən oğlu 28.09.2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki oğul övladı yadigar qalıb.

Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Keçidlər