Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin ildönümündə əziz xatirəsi ehtiramla anılıb

25 oktyabr 2024 | 15:37

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, şanlı Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gün başladıq. 44 gün davam edən savaşda Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı. 

Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində qanı ilə tarix yazaraq 25 yaşında Şəhidlik zirvəsinə ucalan oğullardan biri də tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur.

Oktyabrın 25-də 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dillərə dastan olan şəhidimizin ildönümüdür. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 4 il ötür.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Rayon rəhbəri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbənin müəllifləri olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Adil kimi minlərlə şəhidimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu bildirib. İcra başçısı Adil kimi qəhrəmanlarımızla Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğunu vurğulayıb. İcra başçısı bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu bildirib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü qeyd edən icra başçısı şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Şəhid ailələrinə göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Qədir Əfəndiyev buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Şəhid ailəsi kimi onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə rayon rəhbərliyinə razılıq edib.

Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.  

Qəhrəman şəhidimizin adını əbədiləşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub, yaşadığı evin önündə barelyefi vurulub.

 

Keçidlər