Qazaxda Vətən müharibəsi şəhidləri məzarları başında yad edilib
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün sonra bizim böyük zəfərimizlə başa çatdı. Zəfərimizə mənəvi məna verən isə 30 il işğal altında olan torpaqlarımızın, ən əsası da siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Bu xoşbəxtliyi, bu qüruru isə bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün xalq olaraq bizə qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən igid Vətən övladlarına borcluyuq. Tarixi Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədə payı olan Qazaxın igid oğulları da düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.
Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri hər zaman yad olunur.
Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizi, qazilərimizi, onların ailə üzvlərini daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı rayon rəhbərinin iş fəaliyyətinin əsas hissəsini təşkil edir. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində, bayramlarda onların məzarlarını ziyrət edən, ailələrini tək qoymayan rayon rəhbəri ənənəsinə sadiq qalaraq qarşıdan gələn Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı məzarları başında yad edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovla birlikdə Vətən müharibəsində iştirak edən Çaylı, Bala Çaylı, Cəfərli və Orta Salahlı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub.
Rayon rəhbəri Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla anıb. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində hərb tariximizə, xalqımızın yaddaşına adlarını qızıl hərflərlə yazan igid oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil dövlətimiz, xalqımız var olduqca şəhidlərimizin də daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını əziz tutmağın, yaşatmağın hər birimizin vəzifəsi olduğunu vurğulayıb. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimizə nümunə olmalıdır. Özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizin məzarlarını ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini söyləyib.
Şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva və başqaları hər zaman onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasına görə razılıq ediblər.