Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Müzəffər ordunun qalib igidləri” kitabı şəhid ailələrinə təqdim olunub

19 noyabr 2022 | 09:31

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığı tarixi Qələbəni bu gün də böyük qürur hissi ilə söyləyir və həmin qələbə ilə fəxr edir. Xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. 30 illik həsrətə 44 gündə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin xatirəsini əziz tutmaq, adlarını yaşatmaq vətəndaş olaraq hər birimizin borcudur.

Noyabrın 19-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırladığı “Müzəffər ordunun qalib igidləri” kitabının təqdimatı olub. Təqdimatı keçirilən kitab 27 sentyabr 2020-ci ildə başlanan  Vətən müharibəsində ölümü ilə ölümsüzlüyə yol açan, şəhadəti ilə Şəhidlik zirvəsinə ucalan Bakı şəhəri, Qazax və Masallı rayonlarından olan 50 nəfər qəhrəman oğulun həyat salnaməsidir.

Ədəbiyyat Muzeyində keçirilən təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, təhsil, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova tədbiri giriş sözü ilə açaraq şəhid ailələrini və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ü.Orucova Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin, Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş igid Vətən oğullarının illər ötsə Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacağını qeyd edib. Qəhrəman şəhidlərimizin ömür yolunu gələcək nəsillərə, gənclərə tanıtmağın, xatirələrini əbədi tutmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu bildirib. Bu gün təqdimatı keçirilən “Müzəffər ordunun qalib igidləri” adlı kitabı bu istiqamətdə atılan nümunəvi addımlardan biri kimi qeyd edib. Müəllifə, layihənin təşkilatçılarına və kitabın ərsəyə gəlməsində əməyi keçən insanlara razılığını ifadə edib.

Kitabın müəllifi, filoloq, yazıçı, şair, jurnalist, “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri Firuzə Bəyməmmədqızı Əsədullayeva çıxış edərək tədbir iştirakçılarını və şəhid ailələrini salamlayıb, təqdimat mərasimində iştiraklarına görə minnətdarlığını bildirib. Kitab haqqında məlumat verən müəllif bildirib ki, kitabın yazılmasında məqsəd üç bölgədən - şimal, cənub və qərb bölgələrindən olan Vətən müharibəsi şəhidlərini tanıtmaq, kitabda yazıları gedən şəhidlərimizin timsalında hər üç bölgədən olan Vətən müharibəsi şəhidlərini yaxından tanımaq imkanını yaratmaqdır. Müəllif kitabda şəhidlərimizin ailə üzvlərinin, doğmalarının, döyüş yoldaşlarının söylədikləri xatirələrlə, ürək sözləri ilə igid Vətən oğullarının qəhrəmanlığını, cəsurluğunu, döyüş meydanında göstərdikləri şücaəti oxuculara çatdırdığını, qələmə alınan hər kəlmədə şəhidlərimizin vətənpərvərliyinin əks olunduğunu qeyd edib. Sayca 8-ci kitabı olan “Müzəffər ordunun qalib igidləri” adlı kitabın gələcək nəsillərin şəhidlərimizi daha yaxından tanımasında ən böyük töhfə olacağını bildirib. Qanı, canı bahasına Qarabağı azad edən şəhidlərimizin haqqında kitab yazmağın onun üçün ən böyük qürur və şərəf olduğunu söyləyib. Qazax şəhidləri haqqında xatirələrin yazılmasında, eləcə də bugünkü təqdimat mərasiminin təşkil olunmasında göstərdiyi dəstəyə, şəhid ailələrinə verdiyi dəyərə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhidlərimizin adı ilə bağlı olan tədbirdə iştirak etməyin məmnunluğunu ifadə edib. B.Vüsal bu gün vətəndaş olaraq hər birimizin şəhidlərimizin ruhu, ata və anaları, ailələri qarşısında baş əydiyimizi qeyd edib. Şəhidlərimizin keçdikləri döyüş yolunun, qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasında bu cür kitabların böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qazaxda Vətən müharibəsi şəhidləri haqqında Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayılın müəllifi olduğu “Qanları ilə dastan yazanlar” kitabının yazılmasından sonra, Firuzə xanım tərəfindən ikinci kitabın işıq üzü görməsini təqdirəlayiq iş kimi qiymətləndirib. “Təkcə şəhidlərimiz deyil, onların ataları, anaları da qəhrəmandır. Çünki onlar Vətəni canı bahasına qoruyan qəhrəman oğullar böyüdüblər. Sizin kimi ataların, anaların qarşısında baş əymək bizim borcumuzdur”, - deyən B.Vüsal şəhidlərimizin, onların ailələrinin hər zaman böyük hörmətə, ehtirama layiq olacaqlarını vurğulayıb.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, şəhid tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. “Belə kitabların yazılması biz şəhid ailələri üçün təsəlli olsa da, gələcək nəsillər üçün, onların vətənpərvər ruhda böyüməsi üçün bir ərməğandır”, - deyən şəhid atası kitabın ərsəyə gəlməsində əziyyəti keçənlərə minnətdarlığını bildirib.

Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək öncə kitabın yazılmasına görə Firuzə xanıma və əziyyəti olanlara təşəkkürünü çatdırıb. Qazaxda şəhidlərin adlarının əbədiləşdirilməsi, onların gələcək nəsillərə çatdırılması istiqamətində görülmüş işləri şəhid atası kimi razılıq hissi ilə qarşıladığını bildirib. Şəhid atası Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşəni, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin yaradılmasını, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılmasını şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsi kimi göstərib. “Nə qədər ki, xalq var, şəhidlərimiz əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandanın da söylədiyi kimi, biz şəhidləri torpaqda deyil, ürəyimizdə dəfn elədik”, - deyən şəhid atası övladlarını yaşadanlara təşəkkürünü çatdırıb.

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. “Şəhidlər ölmür, onlar bizim ürəyimizdədir. Onları bu cür kitabların yazılması, abidələrin, parkların yaradılması, adlarının əbədiləşdirilməsi istiqamətində gördüyümüz işlərlə yaşadırıq. Minnətdaram dövlətimə, Müzəffər Ali Baş Komandana ki, övladlarımızın şücaətini yüksək qiymətəndirdilər”, - deyən şəhid anası buna görə bir daha razılıq edib. Övladı ilə olan xatirələrini bölüşən Cəvahir ana onun vətənpərvər ruhda böyüdüyünü, ən böyük arzusunun hərbçi olmaq və torpaqlarımızı azad etmək olduğunu qeyd edib. “Övladım bir gün şair Məmməd Arazın Vətən haqqında olan şeirindən bir bənd söyləyib onun açıqlamasını istədi məndən. Ona hər birimizin bu ölkənin vətəndaşı olduğumuzu söyləsəm də, o, cavabında Vətənin oğlu olmağın nə demək olduğunu bildirdi. Səbuhi Vətən uğrunda candan keçməklə Vətənin oğlu olmağın, bu ölkənin Vətən daşı olmağın mümkün olduğunu söylədi. Bəli, bu gün mənim oğlum Səbuhi özünün də söylədiyi kimi igidliklər göstərərək bu ölkənin Vətən daşı, oğlu oldu. İgid oğullarımıza, qayaları ayaqyalın dırmaşan, öz igidlikləri ilə dünya dövlətlərinin güclü ordularını heyrətə salan şəhidlərimizə minnətdarıq ki, Azərbaycan onların sayəsində Vətən müharibəsində hərb tariximizə qızıl hərflərlə yazılacaq şanlı Qələbə qazandı. Belə oğulları olan Vətən əlbəttə ki, heç vaxt basıla bilməzdi”, - söyləyən Cəvahir ana bütün şəhidlərimizlə qürur duyduğunu bildirib.

AYB Qazax zona filialında ədəbi məsləhətçi Mustafa Rasimoğlu iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən söz açıb. Vətən müharibəsi şəhidlərinin torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin qisaslarını aldıqlarını, doğma Qarabağımızı düşməndən azad etdiklərini söyləyib Buna görə xalq olaraq şəhidlərimizə borclu olduğumuzu, şəhid ailələri qarşısında baş əydiyini qeyd edib.

AYB-nin üzvü, şairə Tamella Poladlı çıxış edərək şəhidlərimizə həsr olunmuş şeirini səsləndirərək igid Vətən oğullarını ehtiramla anıb.

Sonra şəhidlərin xatirəsinə həsr olunmuş kitab müəllif tərəfindən qəhrəmanlarımızın valideynlərinə təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.  

Keçidlər