Qazaxda Xalq şairi Səməd Vurğuna həsr olunmuş kitabın təqdimatı olub
Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun dünya şöhrətli şair, dramaturq, publisistik, tənqidçi, alim, ictimai xadim, mədəniyyətin fəal qurucusu kimi qədirbilən xalqımızın qəlbində əbədi yaşayır. Onun ürəkdən gələn lirik şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri sovet ədəbiyyatı xəzinəsinə möhkəm daxil olmuş və Azərbaycan hüdudlarından çox-çox uzaqlarda böyük şöhrət qazanmışdır. Dünyada az sənətkar tapılar ki, yaşadığı zamanda klassikləşsin, əsərləri ümumxalq kütlələrinin mənəvi sərvətinə çevrilsin. Azərbaycanın Xalq şairi Səməd Vurğuna belə xoşbəxtlik nəsib olmuşdur.
Xalq şairinin yaradıcılığının geniş və əhatəli şəkildə araşdırılmasında öz töhfəsini verən dəyərli ziyalılarımızdan biri də həmyerlimiz, Türkiyədə yaşayan, Ərzincan Binəli Yıldırım Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru Ali Kafkasyalıdır. Ziyalımızın qələmə aldığı Xalq şairi Səməd Vurğuna həsr olunmuş “Səməd Vurğun Milli şairə dair” adlı kitab Səməd Vurğun sevərlərə ən böyük hədiyyədir.
Noyabrın 24-də Bakı Dövlət Universitetinin Qazax filialında professor Ali Kafkasyalının müəllifi olduğu Xalq şairi Səməd Vurğuna həsr olunmuş “Səməd Vurğun Milli şairə dair” kitabının təqdimat mərasimi keçirilib.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Türkiyənin Atatürk Universitetinin müəllimi, elmlər doktoru Hamza Kolukısa, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova, şəhid ailələri, filialın müəllim-tələbə heyəti iştirak ediblər.
Tədbirin aparıcısı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova iştirakçıları və qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Xalq şairi Səməd Vurğuna həsr olunmuş kitab və müəllif haqqında iştirakçılara, tələbələrə ətraflı məlumat verib. İ.Qəsəbova müəllifin Xalq şairi Səməd Vurğunun yaradıcılığını dərindən araşdırdığını, Azərbaycan və türk dillərində nəşr edilmiş kitabda şair haqqında dəyərli fikirlərini, düşüncələrini qələmə aldığını qeyd edib. Xalq şairinin həyat və yaradıcılığını oxuculara yenidən tanıtdığını, təqdim etdiyini bildirib. Qeyd edib ki, kitabın iki dildə nəşr olunmasında əsas məqsəd Türkiyədə təhsil alan gənclərin Azərbaycan türkcəsinə öyrəşməsi və ortaq dildə danışmaq üçün vasitə rolunu oynamaqdır. “Səməd Vurğun Milli şairə dair” adlı kitabın Xalq şairinin yaradıcılığında böyük töhfə olduğunu söyləyib və buna görə müəllifə minnətdarlığını bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ali Kafkasyalını 70 illik yubileyi və kitabının təqdimatı münasibətilə təbrik edib. İcra başçısı müəllifin ünvanına səmimi ürək sözlərini çatdıraraq Xalq şairi Səməd Vurğun yaradıcılığına verdiyi dəyərə, qiymətə görə Ali Kafkasyalıya ziyalılar adından minnətdarlığını bildirib. Xalq şairi Səməd Vurğuna həsr etdiyi kitabla qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Ali Kafkasyalıya 70 illik yubileyi münasibətilə xalça üzərində toxunulmuş şəklini hədiyyə edib və bir daha təbriklərini çatdırıb.
Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək müəllifi kitabının təqdimatı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Xalq şairinə həsr olunmuş kitabın hər kəsin stolüstü kitabı olacağını, kitabla tanış olarkən Xalq şairini daha yaxından tanıyacağını söyləyib.
Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək iştirakçıları salamlayıb, müəllifi kitabının təqdimatı münasibətilə təbrik edib, “Səməd Vurğun Milli şairə dair” adlı kitab haqqında fikirlərini bölüşüb. B.Vüsal qeyd edib ki, kitabı oxuyan hər kəs bir daha şahidi olur ki, Səməd Vurğun yenidən kəşf olunub, Səməd Vurğun yaradıcılığına yeni gözlə və qürur hissi ilə baxılıb. Kitabı oxuyarkən bir daha əmin olursan ki, Səməd Vurğunu milli şair kimi sevmək, tanıtmaq üçün müəllif bütün sözləri, kəlmələri zərgər dəqiqliyi ilə işlədib.
BDU-nun Qazax filialının Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov çıxış edərək müəllif Ali Kafkasyalını kitabının təqdimatı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb.
AYB Qazax zona filialının ədəbi-məsləhətçisi, Prezident mükafatçısı Mustafa Rasimoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, müəllifi kitabının təqdimatı münasibətilə təbrik edib. Qazaxda şairlərə, yazarlara, ziyalılara verdiyi yüksək qiymətə, dəyərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü kitab təqdimatını ziyalılara verilən qiymətin daha bir bariz nümunəsi kimi qeyd edib.
Ərzincan Binəli Yıldırım Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru Ali Kafkasyalı çıxış edərək ünvanına səslənən dəyərli fikirlərə, ona olan səmimi münasibətə, qonaqpərvərliyə, kitabının yüksək səviyyədə təqdimat mərasiminin keçirilməsinə görə rayon rəhbərliyinə, çıxışçılara, əməyi olan insanlara minnətdarlığını bildirib. Bu gün təqdimatı keçirilən kitabda Xalq şairi Səməd Vurğun haqqında fikirlərini, düşüncələrini, ürək yanğılarını, arzularını qələmə aldığını qeyd edib.