Qazaxda “Xocalı soyqırımı müdrik Azərbaycan xalqının qan yaddaşıdır” mövzusunda tədbir keçirilib
Fevralın 24-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı müdrik Azərbaycan xalqının qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya veteranları, ərazi partiya təşkilatının sədr və müavinləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək igid Vətən oğullarının, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.
YAP Qazax Rayon Təşkilatının inzibati binasında davam edən anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin, soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon təşkilatının üzvləri adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Nəbiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda böyük bir fəlakət, insanlığa, bəşər tarixinə yaraşmayan bir vəhşiliyin törədildiyini, həmin faciə, soyqırım zamanı neçə-neçə günahsız insanın qətlə yetirildiyini qeyd edib. Xocalıda yaşananların, baş verən faciənin təkcə xocalıların faciəsi deyil, bütöv Azərbaycan xalqının faciəsi olduğunu, həmin ağrı-acını bütün xalqımızın ürəkağrısı ilə hiss etdiyini söyləyib. A.Nəbiyev o dəhşətli faciədə 106 nəfər qadın, 63 nəfər uşaq, 40 nəfər qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyini bildirib. 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyini, 56 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. 487 nəfərin müxtəlif dərəcəli güllə, qəlpə yarası alaraq əlil olduğunu, 1275 nəfərin erməni əsirliyinin dəhşətlərindən keçdiyini, 155 nəfərin itkin düşdüyünü söyləyib. Natiq bütün faciələrə, soyqırımlara olduğu kimi, Xocalı soyqırımına da Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra dövlət səviyyəsində qiymət verildiyini vurğulayıb. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildiyini qeyd edib. Azərbaycan tarixinə dəhşətli faciə kimi yazılan Xocalı soyqırımından 34 il ötməsinə baxmayaraq heç zaman unudulmayacağını söyləyib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasından söz açan natiq bu kampaniya çərçivəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığını qeyd edib. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş bu kampaniyanın bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərdiyini bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdığını, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun sayəsində Xocalı şəhidlərinin qanının yerdə qalmadığını, Xocalı faciəsi qurbanlarının qisasının alındığını söyləyib. A.Nəbiyev illər ötsə belə Vətən uğrunda canından keçən şəhidlərimizin, eləcə də soyqırım qurbanlarının heç zaman unudulmayacağını, əziz xatirələrinin dərin ehtiramla anılacağını diqqətə çatdırıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı qeyd edib ki, tarix heç nəyi unutmur, tarixdə heç nə unudulmur. Uzaq tarixlər də yaşadılır, yaxın tarixlər də. Yaxın tarixlər daha həssaslıqla xatırlanır. Ötən əsrin sonları təkcə tarixi sənədlərdə, kitablarda deyil, yaddaşlarda da yaşadılır. XX əsr Azərbaycanın milli dövlətçilik tarixində qanlı faciələr, saysız qurbanlar, ərazi itkiləri, soyqırımları, deportasiyalar ilə müşayiət olunmuşdur. Müxtəlif dövrlərdə və siyasi-ictimai şərtlər daxilində yaşanan bütün bu faciələrə təkan verən əsas amillərdən biri və bəlkə də ən başlıcası, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların həmin dövrün hakim dairələrinin dəstəyi sayəsində hər vasitə ilə həyata keçirilməsi olmuşdur. Bəşər tarixinə öz vəhşiliyinə və cəza üsullarının ağlasığmaz qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının törədilməsindən 34 il keçir. 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırım aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir. Bəşəriyyətdə analoqu olmayan erməni vəhşiliyi, erməni qəddarlığı nəticəsində bir günün içərisində böyük bir rayon yerlə-yeksan edildi, qoca, qadın, uşaq, xəstə qəddarcasına qətlə yetirildi. İnsanlığa yaraşmayan bu vəhşiliyə biganə qalan insan hüquq və azadlıqlarının “carçıları” bu gün də siyasi riyakarlıqlarını nümayiş etdirirlər. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Amma Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırım aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırım faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım aktı kimi təsbit olundu. Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli Lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayaraq qeyd etmişdir ki, "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə isə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Məhz o dövrdən başlayaraq dünya azərbaycanlıları və Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur. Dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın fəaliyyətini ümumilikdə 100 minlərlə şəxs və 115 təşkilat dəstəkləyir. Əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk illərdə beynəlxalq aləmə “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” mesajı ilə “Xocalıya ədalət”i beynəlxalq səviyyədə gündəmə gətirən İlham Əliyevin qətiyyətli mövqeyi onu göstərir ki, bu istiqamətdə ardıcıl dövlət siyasəti mövcud olub. Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə o dövrün mövcud durumu ilə bağlı qeyd etdiyi fikirlərində ümid, qətiyyət və iradəni xüsusi məzmunda sezmək mümkündür. Cənab Prezident “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir... Biz hələ də ümidlərimizi itirmirik... Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” fikirlərini 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsindən, 2023-cü ilin 1-20 sentyabrında başlayan 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən çox-çox əvvəl söyləmişdi. Bu fikirlər onu göstərir ki, “Xocalıya ədalət”lə bağlı İlham Əliyev həm beynəlxalq təşkilatları, həm bu məsələdə maraqlı tərəf kimi çıxış etməyə çalışan qlobal gücləri yumşaq ifadə etsək, “Ədalət” imtahanı verməyə məhkum etmişdir. 2020-ci ildə Vətən müharibəsində yenilməz Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı qələbə ilə nümayiş etdirən Rəşadətli Azərbaycan Ordusu havadarları hesabına Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi qovdu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün Xocalıda Azərbaycan Bayrağının dalğalanması Ermənistana və onun havadarlarına göz dağıdır. Bir gündə Xocalını qana boyayan, şəhəri yandırıb külə döndərən erməni vəhşiləri Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sözlərini heç vaxt unutmayacaqlar: “…44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir”. Bu gün xalqımız Xocalı qurbanlarının xatirəsini həmişəkindən fərqli olaraq qalib xalqın nümayəndəsi olaraq ehtiramla anır. Məcburi köçkün, qaçqın sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü həyata keçirilir. Xatırladaq ki, indiyədək Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Xocalı şəhərinə 114 ailə (502 nəfər), Ballıca kəndinə 239 ailə (1058 nəfər), Təzəbinə kəndinə 139 ailə (609 nəfər), Xanyurdu kəndinə 123 ailə (431 nəfər), Şuşakənd kəndinə 114 ailə (428 nəfər), Badara kəndinə 58 ailə (220 nəfər), Daşbulaq kəndinə 35 ailə (138 nəfər), Seyidbəyli kəndinə isə 59 ailə (216 nəfər), Xanabad kəndinə 38 ailə (154 nəfər), ümumilikdə 991 ailə (3756 nəfər) mərhələli şəkildə köçürülmüşdür. İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış, Azərbaycan xalqının sabahına açılan əbədi günəş, bükülməz qolumuz, Prezident İlham Əliyevin qüdrətinin, düşmənin başı üstündə olan dəmir yumruğunun gücüdür.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Günel Bəxtiyarlı, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev, partiya fəalı Aytəkin Hüseynova mövzu ətrafında çıxış ediblər. Çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında sağalmaz yara olduğunu söyləyiblər. 1992-ci ilin 26 fevralında törədilmiş bu qanlı hadisənin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət, Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu diqqətə çatdırıblar. Xocalının bu gün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini bildiriblər.
Partiya veteranlarından Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm, şair Kazım Kazımlı çıxış edərək şəhidlərimizə, soyqırımı qurbanlarına həsr olunmuş şeirlər səsləndirərək əziz xatirələrini ehtiramla yad ediblər.







