Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti təmizlik aksiyası təşkil edilib

15 avqust 2024 | 17:26

Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər həyata keçirilir.

Həmin kompleks tədbirlərin davamı olaraq avqustun 15-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvlərinin, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələrinin, gənc könüllülərin iştirakı ilə Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarının ətrafında növbəti təmizlik aksiyası təşkil edilib.

Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul əməkdaşları da iştirak ediblər.

İcra başçısı Rəcəb Babaşov gənclərlə görüşərək onlara bu nümunəvi təşəbbüslərinə görə razılığını ifadə edib. Rayon rəhbəri iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini ölkəmizin həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirib. İcra başçısı vurğulayıb ki, Sərəncamda qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Rayon rəhbəri bildirib ki, keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Eyni zamanda, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasında, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

Keçidlər