Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbiəti qoruyaq!” adlı tədbir keçirilib
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Sərəncamda qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.
Mayın 24-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbiəti qoruyaq!” adlı növbəti tədbir keçirilib.
Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət fənlər təmayüllü məktəb-liseyin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev və sektorun əməkdaşları, Qazax rayonu üzrə ümumi təhsil məktəblərinin direktorları və Uşaq Birliyi Təşkilat rəhbərləri, məktəb-liseyin müəllim və şagirdləri, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət fənlər təmayüllü məktəb-liseyin məzunları olmuş 44 günlük Vətən müharibəsinin şəhidləri tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş gizir Əhmədov Elvin Qələndər oğlunun valideynləri, məktəb-liseydə təhsil alan Vətən müharibəsi şəhidi kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun övladları, KİV nümayəndələri iştirak ediblər.
Öncə məktəbin foyesində rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub. Məktəbin “Ən yaşıl kabinet” olan 2a və 3c sinif otaqlarına baxış keçirilib. Rayon rəhbərliyi siniflərə baxış keçirərək məktəblilərin hazırladıqları əl işləri ilə tanış olub, şeir töhfələrini dinləyib.
Daha sonra tədbir məktəbin akt zalında davam etdirilib. Tədbirin aparıcıları, məktəbin 10-cu sinif şagirdləri Aydan Nəsibova və Elcan Adıgözəlli “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti qoruyaq!” adlı tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar videçarx nümayiş etdirilib.