Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi təntənə ilə qeyd olunub YENİLƏNƏCƏK

26 oktyabr 2022 | 19:55

Oktyabrın 26-da Qazaxda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Təftiş Komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, məktəb direktorları, YAP Qazax Rayon Təşkilatının işçiləri, Ərazi təşkilat sədrləri, partiya veteranları, fəalları, gənclər, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzüblər. 

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının və qəhrəman şəhidimizin ruhlarına yasin oxuyub, xatirələri ehtiramla yad edilib.

Sonra şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi ziyarət olunub, şəhidlərin xatirəsi ehtiramla anılıb. 

Daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub. Dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən videoçarxa və fotoşəkillərinə baxış keçirilib.

Qazax Gənclər Mərkəzində davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan ətraflı danışıb.  Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında möhtəşəm qələbələrə doğru inamla, qətiyyətlə addımladığı xüsusi vurğulanıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, xalqımıza çoxsaylı qələbələr bəxş etdiyini söyləyib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək Ümummilli Lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu gün Azərbaycanın artıq regionda və dünyada söz sahibinə çevrildiyini diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparıcı siyasi qüvvə olduğunu bildirib. 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan bəhs olunub.

YAP Qazax Rayon Təşkilatının ilk sədri Abbas Göyüşov, Vətən müharibəsi qazisi, partiya fəalı Samir Çobanov, gənc partiya üzvü Aydan Əsgərova, partiya veteranı, şair Kazım Kazımlı çıxışlarında Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağına əminliklərini ifadə ediblər.

Sonda rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə Fəxri Fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olunub.

Keçidlər