Qazaxda yetkinlik yaşına çatmayan qızın erkən nikaha daxil olmasının qarşısı alınıb
İyunun 8-də Qazax rayonunun Kosalar kəndində 2005-ci il təvəllüdlü qıza toy mərasiminin keçirilməsi rayonun polis əməkdaşları tərəfindən dərhal dayandırılıb, qurulan çadır sökülüb. Qazax Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əsədov Ramiz Məsi oğlu isə sözügedən hadisə ilə əlaqədar vaxtında aidiyyəti üzrə məlumat vermədiyi üçün tutduğu vəzifədən azad edilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, RİH başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvlərinin, İƏD-si üzrə nümayəndələrin iştirakı ilə məlum məsələ ilə bağlı geniş tərkibdə müşavirə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov istər şəhər və kəndlərdə keçirilən səyyar görüşlər zamanı, istərsə də digər maarifləndirmə tədbirlərində erkən nikahın qarşısının alınması ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verilməsinə, vətəndaşlarla maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq bu gün rayonda baş vermiş hadisənin xoşagəlməz bir hal olduğunu təəssüf hissi ilə qeyd edib. İcra başçısı baş vermiş hadisə ilə bağlı ciddi iradlarını bildirərək erkən nikaha göz yuman, tutduğu vəzifədən sui istifadə edən hər bir dövlət məmurunun tutduğu vəzifədən azad ediləcəyini, qanun qarşısında hər kəsin eyni dərəcədə məsuliyyət daşıdığını, qanunun aliliyini heçə sayan hər kəsin cinayət məsuliyyətinə cəlb ediləcəyini vurğulayıb. İcra başçısı yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına və erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, dövlətimiz tərəfindən erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərə, bu sahədə aparılan mübarizə tədbirlərinə dəstək göstərməli olduğunu diqqətə çatdırıb.
Bugünkü hadisə ilə bağlı sonda bir daha iradlarını bildirən icra başçısı gələcəkdə bu cür halların baş verəcəyi təqdirdə digər icra nümayəndələrini də eyni aqibətin gözlədiyini qeyd edib. Rayon rəhbəri şəhərdə, eləcə də kəndlərdə erkən nikaha qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, azyaşlıya nişan və ya toy mərasimlərinin keçirilməsi ilə bağlı məlumat əldə etdikləri halda dərhal hüquq-mühafizə orqanlarına bildirilməsini qeyd edib və bununla əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.